Belçika azərbaycanlıları beynəlxalq ictimaiyyətdən minalarla əlaqədar Ermənistana təzyiqi artırmağı tələb edib
Bakı, 18 iyul, AZƏRTAC
Belçikada yaşayan Azərbaycan icması ölkəmizin işğaldan azad olunmuş ərazilərində Ermənistanın mina təhlükəsi yaratması ilə bağlı növbəti dəfə beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Belçika Azərbaycanlıları Federasiyası adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı sahibkar Əliyev Sahib İsa oğlunun bu il iyulun 13-də mina partlayışı nəticəsində xəsarət aldığı barədə məlumat verilib.
Qeyd edilib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların və partlamamış hərbi sursatların mülki şəxslərin həyatına ciddi təhlükə yaratmaqda davam etməsinin, beynəlxalq hüquq norma və prinsiplərinə hörmətsizliyin açıq nümayişinin göstəricisi olan bu insident Belçikada yaşayan soydaşlarımızda dərin narahatlıq doğurub.
Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terrorunun Azərbaycanın hərbi qulluqçularının və mülki şəxslərinin həyatını itirməsi və ya yaralanması ilə nəticələndiyi, bu təhlükənin keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına və bölgədə həyata keçirilən bərpa-yenidənqurma işlərinə əngəllər törətdiyi bir daha diqqətə çatdırılıb.
Belçika Azərbaycanlıları Federasiyası beynəlxalq təşkilatları mina sahələrinin dəqiq xəritələrini ölkəmizə təqdim etməsi, BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) kimi minalarla mübarizə aparan beynəlxalq təşkilatlarla çalışması üçün Ermənistana güclü təzyiq göstərməyə çağırıb.