Bələdiyyə büdcəsinin formalaşdırılmasında yerli ödənişlər müstəsna əhəmiyyət kəsb edir
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA) təşkilatçılığı ilə “Bələdiyyə büdcəsinin formalaşdırılmasında yerli ödənişlərin əhəmiyyəti: mövcud problemlər və onların həlli yolları” mövzusunda müzakirələr aparılıb.
ABMA-nın Kommunikasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin məsul şəxsləri ilə yanaşı, 50-dən artıq bələdiyyə nümayəndəsi iştirak edib. Müzakirələrin əsas məqsədi mehmanxana, turizm obyektləri və dayanacaqların vergiyə cəlb edilməsində yaranmış çətinlikləri tam aradan qaldırmaq və obyekt sahiblərinin bu sahədə maarifləndirilməsinə dəstək verməkdir.
Görüşdə mehmanxana və dayanacaqların vergiyə cəlb edilməsində ödəniş obyektlərinin uçotunun aparılması və həmin obyekt üzrə yerli ödənişlərin bələdiyyə büdcəsinə daxil edilməsi mexanizmləri ətraflı müzakirə edilib. ABMA-nın mütəxəssislərinin apardığı araşdırmalar göstərir ki, mehmanxana və dayanacaqların qeydiyyata durmaqdan yayınması halları artıb. Belə ki, uçota alınmış obyektlər hesabat verməkdən yayınır, hesabat dövründə ödənişlərini ödəmirlər və ya real göstəricidən az ödəyirlər.
ABMA-nın nəzdindəki “Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi”nin direktoru Adil Əhmədov bildirib ki, vergi orqanları ilə əməkdaşlıq səviyyəsinin artırılması məqsədilə bu cür görüşlərin keçirilməsi bu sahədəki çətinlikləri aradan qaldıracaq, bu hal bələdiyyələrin maliyyə vəziyyətinin xeyli dərəcədə yaxşılaşdırılmasına təkan verəcək.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının nümayəndəsi, Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Əli Əkbərli çıxışında Milli Assosiasiyalar tərəfindən bələdiyyələrdə vergi uçot sisteminin düzgün qurulmasından danışıb. İcraçı katib qeyd edib ki, müvafiq dövlət qurumları ilə bir araya gəlib müzakirələr aparılması bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsinə kömək məqsədi daşıyır.
Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndələri bildiriblər ki, bu cür görüşlərin mütəmadi olaraq davam etdirilməsi bələdiyyələrdə vergi-uçot sisteminin düzgün qurulmasına şərait yaradacaq.