BƏLƏDİYYƏ TEATRINDA MÖVSÜMÜN SON TAMAŞASI OLMUŞDUR
Teatrın bədii rəhbəri və direktoru, xalq artisti, Dövlət mükafatları laureatı Amaliya Pənahova bildirmişdir ki, teatr mövsümünə bu gün yekun vurmağımız heç də təsadüfi deyildir. Bu gün Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəldiyi gündür, həmçinin bu günlərdə möhtəşəm Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Mövsümün bağlanışı bu əlamətdar hadisələrlə üst-üstə düşmüşdür. “Türk sancağı” əsəri artıq bir neçə dəfə Bakıda, həmçinin Naxçıvanda, qardaş Türkiyənin İğdır, Qars, Ankara, Ərzurum və başqa şəhərlərində nümayiş etdirilmişdir. Mövsüm sona çatsa da, truppamız qastrol səfərlərinə çıxıb tamaşaçıları sevindirməyə hər an hazırdır.
Amaliya Pənahovanın quruluş verdiyi tamaşada əsas rolları xalq artisti Vaqif Əliyev, əməkdar artistlər Əfqan Soltanov, Azad Şükürov, Rafiq İbrahimov, Mahirə Yaqubova, Hüsniyyə Mürvətova, gənc aktyorlar İlqar Musayev, Rüfət Aslanov, Elxan Rzayev, Arzu Şuşanova və başqaları ifa etmişlər.
Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və türk xalqının böyük oğlu Mustafa Kamal Atatürkün xatirəsinə həsr olunmuş tamaşa rəğbətlə qarşılanmışdır.