Belqradda Azərbaycanın təşəbbüsü ilə şahmat pavilyonu açılıb
Bakı, 29 aprel, AZƏRTAC
Belqradın Taşmaydan parkında Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü, “AzVirt” şirkətinin maliyyə dəstəyi ilə şahmat pavilyonun açılış mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, pavilyonun açılışında Serbiyanın İdman Nazirliyinin dövlət katibi Marko Keşel, Serbiya Şahmat Federasiyasının Prezidenti Andriya Yorqiç və səfirlik əməkdaşları iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin Taşmaydan parkındakı abidəsinin cəmi bir neçə addımlığında yerləşən bu yerdə şahmat pavilyonunun açılması böyük məmnunluq doğurur. İki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatdığı vurğulanıb. Prezident İlham Əliyevin fevral ayında Belqrada rəsmi səfərinin ikitərəfli münasibətlərimizin tarixində mühüm tarixi mərhələ olduğu diqqətə çatdırılıb.
Pavilyonun rəsmi açılışından sonra burada şahmat üzrə blitz turnir keçirilib.