Berlindəki Türk Evində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir
Berlin, 28 fevral (AZƏRTAC). Azərbaycanın Almaniyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, Berlin şəhərində fəaliyyət göstərən Türk Evində Azərbaycan və türk diasporları üzvlərinin iştirakı ilə Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Berlin Atatürkçü Düşüncə Dərnəyinin və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Türkiyənin Berlindəki baş konsulu Mustafa Pulat, Milli Məclisin deputatı Rövşən Rzayev və başqaları iştirak etmişlər.
Tədbirdə qonaqları salamlayan Azərbaycan səfiri Xocalı faciəsinin təkcə Azərbaycan xalqına və türklərə qarşı deyil, eləcə də bütün insanlığa qarşı törədilən ən ağır cinayət olduğunu bildirmişdir. Səfir bu cinayəti törədənlərin hələ də məsuliyyətə cəlb olunmamasından təəssüfləndiyini bildirmiş, lakin ədalətin qələbə çalacağına inandığını və təqsirkarların layiqincə cəzalandırılacağına ümid etdiyini bəyan etmişdir. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altına Xocalı həqiqətlərinin dünyaya tanıdılması istiqamətində intensiv iş getdiyini, bu işin ildən-ilə daha da gücləndiyini auditoriyanın diqqətinə çatdırmışdır.
Tədbirdə çıxış edən Rövşən Rzayev, Milli Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri Kərəm Şükürov və Almaniya Bundestaqının keçmiş millət vəkili, Türk Azərbaycan Birliyinin sədri Hakki Kəskin Xocalı faciəsi barədə fikirlərini bölüşmüşlər. Məruzəçilər Xocalı faciəsinin dünya, o cümlədən alman ictimaiyyətinə tanıdılması üçün diaspor üzvlərinə tövsiyələrini vermişlər. Məruzələrdən sonra geniş müzakirələr olmuşdur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
######
