RƏSMİ XRONİKA
“BEŞMƏRTƏBƏ” YENİ GÖRKƏM ALMIŞDIR
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də ailə üzvləri ilə birlikdə paytaxtın Füzuli meydanına gələrək, 1930-cu ildə tikilmiş və Bakı sakinləri arasında “Beşmərtəbə” adı ilə məşhur olan binada görülmüş təmir və bərpa işləri ilə tanış olmuşdur.
Prezidentə məlumat verildi ki, yaşayış binasında bu işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən görülmüşdür. Bərpa işlərində dam örtüyü üçün 3720 kvadratmetr dəmirdən, 5600 kvadratmetr üz daşından, 730 kvadratmetr dəmir məhəccərdən, 1000 kvadratmetrdən çox kronşteyndən və 1400 kvadratmetr karnizdən istifadə olunmuş, balkonlar tamamilə yenidən qurulmuşdur. İtaliya mütəxəssisləri ən müasir işıqlandırma sistemi quraşdırmışlar.
Hazırda üzbəüz binada təmir işləri aparılır. Maddi-mədəniyyət abidələrinin bərpa və təmiri ilə bağlı Prezidentin göstərişlərinə uyğun olaraq, Füzuli meydanı da yenidən qurulacaqdır.
Dövlətimizin başçısı görülmüş işlərdən razı qaldı, müvafiq tapşırıqlarını verdi.
######