Beyləqan rayonunda dezinfeksiya işləri davam etdirilir
Beyləqan, 26 mart, AZƏRTAC
Koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonunda da təxirəsalınmaz tədbirlər davam etdirilir. Rayonda koronavirusa yoluxma hallarına yol verilməməsi, bu sahədə aparılan profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə dezinfeksiya işləri həyata keçirilir.
Beyləqan Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarından ibarət xüsusi qrup tərəfindən mart ayının 6-dək 56 ümumtəhsil məktəbi,1 peşə məktəbi, 31 uşaq bağçası, 31 çox mənzilli yaşayış evi, 9 idarə və müəssisə qabaqlayıcı profilaktik məqsədlə dezinfeksiya olunub. Müxtəlif yerlərdə, o cümlədən əhalinin intensiv keçdiyi küçələrdə, parklarda, iri ticarət obyektlərinin ətrafında, çoxmərtəbəli yaşayış binalarının həyətlərində və giriş qapılarında, avtobus və taksi dayanacaqlarında sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri davam etdirilir.
Dezinfeksiya işlərinin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.