Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi 193 nəfərə reinteqrasiya yardımı göstərib
Bakı, 22 iyun, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımını çatdırmaqda davam edir.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, bu ilin aprel-may aylarında Almaniyadan 88, Çexiyadan 3, İspaniyadan 3, Niderlanddan 2 və Avstriyadan 1 nəfər olmaqla, ümumilikdə 97 miqrant Azərbaycana qayıdıb. Həmin dövrdə KQYR layihələri çərçivəsində mənşə ölkəsinə könüllü olaraq qayıdan 193 nəfərə reinteqrasiya yardımı, 65 nəfərə isə məsləhət xidməti göstərilib.
BMqT-nin Azərbaycan nümayəndəliyi 99 nəfərə nağd, 94 nəfərə qeyri-nağd şəkildə yardım edib. Qeyri-nağd yardım çərçivəsində 21 şəxsə müvəqqəti mənzil təminatı, 16 nəfərə kiçik biznesin qurulması, 55 şəxsə maddi yardım (ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyaları), 1 şəxsə tibbi, 1 nəfərə isə təhsil haqqının ödənilməsi üzrə yardım göstərilib.
Nümayəndəlik hazırda Niderland, Almaniya, Belçika, Polşa, Finlandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir. Təşkilat tərəfindən göstərilən reinteqrasiya yardımının əsas hissəsi könüllü qayıdanlara və onların ailə üzvlərinə fayda gətirən kiçik təsərrüfat, xidmət sahəsindəki müəssisələr, ticarət və kiçik istehsal kimi gəlir gətirən fəaliyyətlərin qurulmasına yönələn kömək təşkil edir. Bu dəstəyin əsas məqsədi qayıdanların dayanıqlılığını təmin etmək və beləliklə, mənşə ölkələrinə könüllü qayıdan şəxslərin özlərini Azərbaycan cəmiyyətinin bir hissəsi kimi bərpa etmələrinə yardım etməkdir.
KQYR layihələri çərçivəsində ölkəyə qayıdanlara mikrobiznes fəaliyyətinə dəstəklə yanaşı, müvəqqəti mənzil təminatı, maddi yardım, tibbi ehtiyacların və təhsil xərclərinin ödənilməsi üzrə yardımlar da göstərilir.