Beynəlxalq münasibətlər və diplomatiya üzrə 2-ci yay məktəbi təşkil ediləcək

Bakı, 5 iyul, AZƏRTAC
Bu il avqustun 9-14-də “Bir könüllü” tələbə təşkilatı, Xəzər Universiteti və Topçubaşov Mərkəzinin birgə tərəfdaşlığı ilə Şamaxı rayonunda “Beynəlxalq münasibətlər və diplomatiya” üzrə 2-ci yay məktəbi təşkil ediləcək.
Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, yay məktəbinin keçirilməsinin əsas məqsədi müxtəlif yerli və xarici universitetlərdə təhsil alanları və məzunları bir araya toplayaraq müasir dünyada və regionda cərəyan edən siyasi-iqtisadi konyunkturun müşahidə edilərək obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması, müxtəlif xarici siyasət səpkili mövzularda interaktiv müzakirələrdə iştirak etmək imkanı yaradaraq səmərəli platformanın yaradılmasıdır.
Xarici dil biliklərinə malik və humanitar ixtisaslar üzrə təhsil alan tələbələrdə xarici siyasət və beynəlxalq münasibətlər sahəsinə marağın artırılmasına hədəflənən yay məktəbində iştirak etmək istəyən tələbə və məzunlar Xəzər Universitetinin saytındakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Yay məktəbinin işçi dili ingilis dilidir.
Siyasi elmlər və fəlsəfə departamenti müdiri Orxan Vəliyev Xəzər Universiteti adından yay məktəbinin təşkil olunmasında iştirak edəcək.
Müraciətlərin qəbulu iyulun 16-dək davam edəcək.