BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR AZƏRBAYCANIN SEÇKİ SİSTEMİNİN REGİONDA NÜMUNƏVİ OLDUĞUNU ETİRAF EDİRLƏR
Parlamentin sosial siyasət daimi komissiyasının sədr müavini Aydın Mirzəzadə səfər təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşmüşdür. O demişdir ki, Gürcüstanda seçkilər bu ölkənin qanunlarına müvafiq keçirilmişdir. Seçkilərin gedişini izləyən deputatlarımız Cahangir Hüseynov və Xalis Ələsgərov proses zamanı elə bir ciddi qanun pozuntusu ilə üzləşməmişlər. MDB ölkələrindən gəlmiş və avropalı müşahidəçilər də öz bəyanatlarında seçkinin normal keçdiyini bildiriblər.
Maraqlı odur ki, həm MDB, həm də digər beynəlxalq müşahidəçilər eyni zamanda Ermənistan, Gürcüstan və Azərbaycanda keçirilən seçkiləri də müqayisə etmişlər. MDB-nin icra katibi, qurumun müşahidə missiyasının rəhbəri Yuri Yarov keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarna cavab verərkən Azərbaycanın seçki sistemini müsbət bir nümunə kimi göstərmişdir. O, Azərbaycanda seçki komissiyalarının üzvlərinin yüksək səviyyədə hazırlıqlı, dairə və məntəqələrin müasir texniki bazaya malik olduğunu, Avropa standartlarına cavab verən yeni Seçki Məcəlləsinin qəbulunu, namizədlərə təbliğat üçün bərabər şəraitin yaradılmasını xüsusi qeyd etmişdir.
Xarici müşahidəçilərin Azərbaycan haqqında belə müsbət rəy bildirmələri ölkəmizin beynəlxalq imicini daha da artırır.
Aydın Mirzəzadə onu da bildirmişdir ki, Gürcüstanda yaşayan soydaşlarımız da səsvermədə fəallıq göstərmişlər. İlkin müşahidələrə əsasən belə demək olar ki, Gürcüstanda azərbaycanlılar digər etnik azlıqlardan yaxşı yaşayırlar. Bu da Azərbaycan hökumətinin soydaşlarımıza göstərdiyi daimi qayğı ilə bağlıdır.