BEYNƏLXALQ ŞAHMAT TURNİRİ ÇƏRÇİVƏSİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Bakı, 8 may (AZƏRTAC). ÜNS yaradıcılıq səhnəsinin mətbuat mərkəzində FİDE-nin prezidenti Kirsan İlümjinov, Azərbaycan Şahmat Federasiyasının başçısı Elman Rüstəmov, FİDE-nin vitse-prezidenti Zurab Azmayparaşvili mətbuat konfransı keçirmişlər.
ELO reytinqinin hesablanmasında dəyişikliklər barədə suala cavab verən Kirşan İlümjinov demişdir: “2011-ci ilədək biz paralel hesablamalar aparacağıq, 2011-ci ildən birdəfəlik yeni hesablama sisteminə keçəcəyik. Şahmat dəyişir, zaman dəyişir və yeni sistemə keçmək lazımdır. Biz bir il ərzində FİDE-nin Prezident Şurasının üzvü olan şahmatçılarla, o cümlədən V.Anand, A.Kostenyuk, V.Kramnik və V.Topalov ilə məsləhətləşmələr aparmışıq. Yəqin şahmatçıların mənfi reaksiyası onunla əlaqədardır ki, yeni sistemə birdən keçmək bir qədər çətindir. Lakin modernləşdirmə məsələsi artıq çoxdan ortaya çıxmışdı”.
Kirsan İlümjinov daha sonra demişdir: “Həm FİDE-nin prezidenti, həm də dünya yığmasının kapitanı kimi hazırki yarışların nəticələrindən hələlik razıyam. Yığmamızın üzvlərinin yaxşı oynamasından razıyam. Onlar hələlik qalib gəlirlər. Əlbəttə, ev sahiblərinin bizim qələbə qazanmağımız üçün qonaqpərvərcəsinə şərait yaratmasını anlayırıq. FİDE-nin rəhbəri kimi hesab edirəm ki, bu, qeyri-adi oyundur, çünki Azərbaycan şahmatçıları gəncdirlər, onlar hamısı istedadlıdır və dünya şahmat tacına namizəddirlər. Onlar planetin ən güclü şahmatçıları ilə oynayırlar və nəticədən asılı olmayaraq bu oyunda hamı qalibdir”.
Kirsan İlümjinovun sözlərinə görə, Azərbaycan bundan sonra da iri beynəlxalq turnirlərə ev sahibliyi edəcəkdir. FİDE-nin prezidenti demişdir: “Bizim üçün çox xoşdur ki, Azərbaycan beynəlxalq şahmat turnirlərinin təşkilində fəal iştirak edir. Ötən il FİDE-nin Qran-pri yarışlarının birinci mərhələsinin yüksək səviyyədə keçirilməsinin şahidi olduq. Hazırda FİDE ilə Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi arasında Bakıda həm kişilər, həm də qadınlar arasında iri beynəlxalq şahmat turnirlərinin keçirilməsi barədə danışıqlar aparılır”.
Elman Rüstəmov bildirmişdir ki, yaxın vaxtlarda çox cəsarətli planlar həyata keçiriləcəkdir. Bu gün FİDE-nin Qran-pri yarışlarının qadınlar arasında mərhələsinin gələn il Bakıda keçirilməsi məsələsi müzakirə olunmuşdur. E.Rüstəmov bu yarışların digər iri şahmat tədbirləri ilə paralel keçirilməsinin mümkünlüyünü də istisna etməmişdir.
Hazırkı yarışların proqnozları barədə suala cavab verən Zurab Azmayparaşvili demişdir: “Düşünürəm ki, hər şey yaxşıdır, dünya yığmasına mənfi 2 hesabı ilə məğlub olmaq normaldır. Bu yarışda favorit dünya yığmasıdır və hələlik onun işləri yaxşı gedir. Hesab edirəm ki, son turlarda hər şey dəyişə, doğma divarlar öz rolunu oynaya bilər. FİDE-nin vitse-prezidenti kimi dünya yığmasına azarkeşlik etməliyəm, lakin bir qonşu və bütün Azərbaycan şahmatçılarının dostu kimi Azərbaycan komandasına azarkeşlik edirəm və ümidvaram ki, onlar hesabı bərabərləşdirəcəklər”.