Beynəlxalq tədbirdə Azərbaycanı təmsil edən qrupun təqdimatı birinci yerə layiq görülmüşdür
Bakı, 12 iyun (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunun (ATİ) beynəlxalq əlaqələr şöbəsinin müdiri Şəhla Əhmədova İsveçrənin Lozanna şəhərində Dünya Turizm Təşkilatı (DTT) və Lozanna Hotelçilik Məktəbinin (EHL) birgə təşkil etdikləri beynəlxalq tədbirdə iştirak etmişdir.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İpək Yolu Strateji Təşəbbüs Proqramı çərçivəsində həyata keçirilən tədbirdə əsasən Lozanna Hotelçilik Məktəbinin tələbələri proqramda iştirak edən ölkələrin İpək Yolu üzrə turizm imkanlarını araşdırmış, və strateji turizm planlarını hazırlamışlar.
Azərbaycan ilə yanaşı, Albaniya, Türkiyə, Rusiya, Çin, Yunanıstan, İran və digər ölkələr haqqında hazırlanmış hesabatlar ölkə nümayəndələrinin iştirakı ilə dinlənilmiş və daha uğurlu qrup bütün nümayəndə heyəti qarşısında öz hesabatlarını təqdim etmək şansı qazanmışdır.
Sonra ölkə nümayəndələri ilə yanaşı, DTT-nin İpək Yolu Proqramının direktoru Alla Peressolova və əməkdaşı Johanna Devine, Lozanna Hotelçilik Məktəbinin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə hər ölkənin qalib komandaları öz təqdimatlarını keçirmişlər.
Yekunda DTT və ölkə nümayəndələrinin yekdil qərarı ilə Azərbaycanı təmsil edən qrupun təqdimatı birinci yerə layiq görülmüşdür. Bununla yanaşı, qaliblər Rusiya Federasiyasının Altay vilayətinə səfər etmək şansı da qazanmışlar.