RƏSMİ XRONİKA
BEYNƏLXALQ TOLERANTLIQ GÜNÜ MÜNASİBƏTİLƏ KEÇİRİLƏN KONFRANSIN İŞTİRAKÇILARINA
Hörmətli konfrans iştirakçıları!
Beynəlxalq Tolerantlıq günü münasibətilə keçirilən, olduqca aktual bir mövzuya həsr edilmiş konfransınızı salamlayır və onun işinə uğurlar diləyirəm.
Böyük İpək yolu üzərində yerləşən ölkəmiz tarix boyu bütün səmavi dinlərin məbədlərini ucaldaraq, onlara sitayiş edən insanlar üçün unikal dözümlülük mühitinin formalaşdırılması ilə həqiqətən fəxr edə bilər. Müstəqil Azərbaycan Respublikası qloballaşma şəraitində İpək yolunun bərpası sayəsində irimiqyaslı layihələr çərçivəsində enerji, nəqliyyat və informasiya dəhlizlərini yaratmaqla tolerantlıq ənənələrinin dirçəldilməsini və yaşadılmasını təmin etmişdir.
Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis olunmuş Beynəlxalq Tolerantlıq günü və qəbul edilmiş “Dözümlülük prinsipləri deklarasiyası” istər ölkəmizin tarixi ənənələri, istərsə də mövcud mühiti ilə həmahəng səsləşir. Tolerantlığın mənəvi, siyasi və hüquqi müstəvidə bərqərar olması təhsildə, mədəniyyətdə, ümumən cəmiyyət həyatının müxtəlif sahələrində strateji əhəmiyyətə malik proqramların həyata keçirilməsini tələb edir. Məhz bu baxımdan Azərbaycanda təmsil olunan bütün dini icma nümayəndələrinin bu konfransda tolerantlıq, dözümlülük problemlərinin geniş müzakirəsini keçirmələri təqdirəlayiqdir.
Ölkəmizdə müxtəlif konfessiyaların nümayəndələri tərəfindən nümayiş etdirilən qarşılıqlı ehtiram, konstruktiv əməkdaşlıq, həmçinin ümumbəşəri mənəvi dəyərlərin mənimsənilməsi yolunda görülən işlər olduqca yüksək qiymətləndirilir və Azərbaycanı tolerantlıq baxımından bir çox ölkələr üçün örnək hesab etməyə imkan verir. Bu gün sivilizasiyaların toqquşması və qarşıdurması konsepsiyasına tərəfdar çıxanlar zəngin tolerantlıq ənənələrinə malik olan və Şərqlə Qərb arasında körpü rolunu oynayan bir ölkə kimi Azərbaycanın təcrübəsindən ibrət götürə bilərlər.
Hər birinizə cansağlığı, xoşbəxtlik və səmərəli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2007-ci il.