Bəzi qüvvələr Azərbaycan-Ermənistan şərti sərhədində gərginlik yaratmaqda maraqlıdır - Şərh
Bakı, 9 iyul, AZƏRTAC
Son vaxtlar sülh müqaviləsinin imzalanması və müzakirəsinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına qarşı olan müəyyən qüvvələr fəallaşıb və iki respublikanın şərti sərhədində atəşkəsin pozulması coğrafiyası genişlənib. Əgər biz əvvəllər atəşkəsin ancaq Kəlbəcər və ya Laçın istiqamətində pozulması hallarını müşahidə edirdiksə, Azərbaycan Müdafiə Nazirliyinin son günlər yaydığı məlumatlara görə, hazırda bu rayonlarla yanaşı, Naxçıvan, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni hərbi birləşmələri tərəfindən ordumuzun mövqelərinin atəşə tutulmasını görürük.
Bunu AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik, “Azərbaycan Bayrağı”, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov deyib.
Vurğulayıb ki, son zamanlar Azərbaycan dövlətinin apardığı uğurlu diplomatiya səyləri nəticəsində Ermənistanı sülh müqaviləsi imzalamağa məcbur etməklə, sərhədlərin delimitasiya, demarkasiya məsələləri və Zəngəzur dəhlizinin açılması ilə bağlı müəyyən irəliləyişlər əldə olunub. Bununla sülh sazişinin imzalanması ilə əlaqədar coğrafiya da artıq genişlənməkdədir. Əgər əvvəllər bu məsələlərdə bir platforma, yəni Moskva - Rusiya, Azərbaycan, Ermənistan üçtərəfli mexanizmi işləyirdisə, artıq Brüssel və Vaşinqton platforması da mövcuddur. Bu genişləndirmənin məqsədi regionda sabitliyə, əmin-amanlığa yönəlmiş şəraitin yaradılmasıdır. Çünki regionda böyük investisiya qoymaq istəyən ölkələrin sayının çoxalması üçün sülh prosesində irəli addım atılmalı, kommunikasiyalar açılmalıdır.
Hazırda Ermənistanın hərbi-siyasi rəhbərliyində sülh müqaviləsinin imzalanmasına qarşı olan qüvvələr kifayət qədərdir. Həm də sülh prosesinə mane olan xaricdəki dairələrin, erməni diasporunun aktivliyi və təsiri nəticəsində sərhəddə atəşkəs pozulur. Müəyyən istiqamətlərdə atəşkəsin pozulması zamanı düşmən tərəfindən əraziləri ələ keçirmək və yaxud başqa taktiki hədəflər qoyulmur. Burada məqsəd yalnız şərti sərhəddə vəziyyəti gərginləşdirmək və atəşkəsin pozulması ilə regionda gərginliyin daim hökm sürməsinə nail olmaqdır. Gərginlik olduğu yerdə isə nə sülh müqaviləsindən, nə də ki əmin-amanlıqdan danışmaq çətindir. Ona görə də atəşkəsin pozulması məhz şərti sərhəddə gərginlik yaratmaq məqsədi daşıyır.
“Ona görə də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hazırda göstərdiyi bütün səylər məhz həmin sülh prosesinin sürətləndirilməsinə yönəlib. Dövlətimizin başçısı tərəfindən bütün beynəlxalq tədbirlərdə və kürsülərdə Qarabağ iqtisadi zonamızdakı qanunsuz erməni terrorçuların tərk-silah edilməsi və digər məsələlərlə əlaqədar çox ciddi mesajlar verilir. Bu mesajlar odur ki, ya biz bu məsələni dinc yolla həll edəcəyik, ya da ki Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni terrorçuları tərk-silah edilərək çıxarılacaq. Düşünürəm ki, qısa zamanda bu məsələ həllini tapmasa, dövlətimiz BMT-nin 51-ci maddəsini və üçtərəfli Bəyannamənin dördüncü bəndini rəhbər tutaraq, yəni öz sərhədləri çərçivəsində təhlükəsizliyi təmin etmək və qanunsuz silahlı dəstələrin Azərbaycan ərazilərindən xaric və tərk-silah edilməsi ilə, məhz antiterror əməliyyatı aparmaqla hədəfə nail olacaq. Necə ki, BMT-nin münaqişə ilə əlaqədar qəbul etdiyi və kağız üzərində qalan 4 qətnaməsini Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz İkinci Qarabağ müharibəsində yerinə yetirdi. Otuz il işğal altında qalan torpaqlarımızı Azərbaycan öz gücü ilə azad etdi. Azərbaycan 44 günlük müharibədə bütün dünyaya sübut etdi ki, öz dövlət maraqlarını təmin etmək üçün atılan hər hansı addım məqbul qəbul olunur.
Çünki erməni terrorçularının tərk-silah edilməsi məsələsi Azərbaycanın, vətəndaşlarımızın, yaşayış məntəqələrimizin, əhalimizin təhlükəsizliyi ilə bağlıdır. Belə olduğu halda Azərbaycan hər hansı addım ata bilər və antiterror əməliyyatı aparmaqla bunu praktiki şəkildə həyata keçirə bilər. Bu barədə Prezidentimiz bütün dünyaya beynəlxalq kürsülərdən öz mesajını verib. Belə ki, atəşkəsin pozulması hallarına qarşı görülən adekvat cavab tədbirləri antiterror əməliyyatının elementlərindən sayıla bilər”, - deyə ehtiyatda olan polkovnik əlavə edib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə dövlətimizin başçısı İlham Əliyev çıxış edərək demişdi ki: “Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib. Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir”.