Biləsuvarda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Biləsuvar, 5 mart, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayonun rəhbər işçiləri, idarə, müəssisə rəhbərləri, məşqçi-müəllimlər, respublika, dünya və Avropa yarışlarının qalibləri və gənc idmançılar iştirak ediblər.
Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov idmançıları əlamətdar gün münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. “İdmana qayğı ölkəmizdə prioritet təşkil edir”, - deyən A.Bağırov regionlarda, o cümlədən Biləsuvarda idman strukturunun yaradılmasını bunun bariz nümunəsi kimi səciyyələndirib. Qeyd olunub ki, hazırda rayonda 5600 nəfər bədən tərbiyəsi və idmanın müxtəlif növləri ilə məşğul olur, 2 idmançı beynəlxalq yarışların mükafatçısıdır. Biləsuvarlı gənclərin potensial imkanlarının və asudə vaxtlarının səmərəli təşkilində rayondakı idman qurğuları mühüm rol oynayır.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova qeyd edib ki, ölkədə bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində həyata keçirlən irimiqyaslı layihələr Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdır. İndi təkcə paytaxt Bakıda deyil, ölkəmizin bütün regionlarında, həmçinin Biləsuvar rayonunda da olimpiya idman kompleksləri fəaliyyət göstərir. Bunun nəticəsidir ki, idmançılarımızın dünya çempionatlarında, Olimpiya Oyunlarında uğurları getdikcə artmaqdadır. Bütün Azərbaycan idmançıları kimi, Biləsuvar idmançıları da yaradılmış şəraitdən maksimum bəhrələnərək respublika, dünya və Avropa çempionatlarında idmanın müxtəlif növləri üzrə yüksək nailiyyətlər əldə edirlər.
Sonra çıxış edən məşqçi müəllim və idmançılar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda qazandıqları uğurlara görə bir qrup məşqçi müəllim və idmançı Biləsuvar Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif edilib.