Biləsuvarda narkomaniyanın fəsadlarına dair maarifləndirmə tədbiri keçirilib
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Biləsuvar rayon gənclər və idman idarəsinin və rayon polis şöbəsinin birgə təşkilatçılığı ilə 4 saylı tam orta məktəbdə “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə Biləsuvar rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Mülazim Rzayev, məktəbin direktoru Əli Əliyev, polis şöbəsinin rəis müavinləri Toğrul Mahmudov, Elman Quliyev, azyaşlılarla iş üzrə inspektor Cabir Bəşirov, təhsil şöbəsinin metodisti Ağamməd Canıyev çıxış edərək bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən olan narkomaniya və onun fəsadları haqqında iştirakçılara ətraflı məlumat veriblər.
Natiqlər Azərbaycan dövlətinin narkomaniyaya qarşı fəal mübarizə apardığını, onun yaratdığı problemlərin aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirdiyini bildiriblər. Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni diqqət mərkəzində saxlayır. Narkomaniya ilə mübarizədə maarifləndirmə, təbliğat və profilaktika işlərinin fasiləsiz həyata keçirilməsinin vacibliyi bu baxımdan xüsusi vurğulanıb.
Sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.