CƏMİYYƏT
Bioloji fəallığa malik qida əlavələrinin istehsalı və ölkəyə idxalı mövzusunda görüş keçirilib
Bakı, 22 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutunun SOVQAT layihəsi çərçivəsində “Peşəkarlarla görüş” saatında “Bioloji fəallığa malik qida əlavələrinin istehsalı və ölkəyə idxalı” mövzusu müzakirə olunub.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, videobağlantı formatında keçirilən görüşdə iştirakçılara bioloji fəallığa malik qida əlavələrinin qeydiyyatı, məhsulların analizi, ekspertiza rəyi və onun qüvvədəolma müddəti, məhsulun fiziki görünüşü, istifadə təlimatı, içlik vərəqi, etiket məlumatları və digər mövzularla bağlı geniş məlumatlar verilib, o cümlədən bu sahədə beynəlxalq yanaşma, yerli qanunvericiliyin tələbləri və yeniliklər iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə əlverişli və sağlam biznes mühitinin formalaşdırılması məqsədilə sahibkarlıq subyektlərinə dəstək olaraq icrasına başlanılmış SOVQAT layihəsinin üstünlüklərindən də bəhs olunub. Qeyd edilib ki, SOVQAT - Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi layihəsinin məqsədi qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir.
Görüşdə kimyəvi məhsulların daşınması zamanı baş verə biləcək qəzalardan qorunmaq üçün sahibkarları maraqlandıran suallar institutun mütəxəssisləri tərəfindən cavablandırılıb.