Bir ağacın qanunsuz kəsilməsi hətta azadlıqdan məhrumedilmə ilə də nəticələnə bilər
Bakı, 2 may, AZƏRTAC
Bir yandan ölkə ərazisində yaşıllıqların artırılması ilə bağlı çox ciddi tədbirlər həyata keçirilir, ilbəil əkilən ağacların sayı artırılır. Təkcə bu il Ümummilli Liderin 100 illiyi ilə bağlı 3 milyon ağacın əkilməsi hədəf götürülüb. Respublika ərazisində bütün aktiv ictimaiyyət bu işlə məşğuldur. Lakin digər tərəfdən təəssüf ki, istər meşə, istərsə də şəhər ərazilərində ağacların qanunsuz kəsilməsi faktlarına rast gəlinir. Buna baxmayaraq, son beş ilin statistikasına əsasən qanunsuz ağac kəsilməsi faktlarında azalma tendensiyası müşahidə edilir. Əgər beş il əvvəl il ərzində 55-58 min kubmetr həddində qanunsuz qırıntı müəyyən edilirdisə, son ilin göstəricisi 10 min kubmetrə yaxındır. Bu, o deməkdir ki, ən azı beş dəfə azalma var. Lakin istər-istəməz yenə də belə halların olması təşviş və narahatlıq doğurur. Bu cür qanunsuzluqlarla cəmiyyətin hər bir üzvü mübarizə aparmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
Xidmət rəisinin sözlərinə görə, vətəndaşlar və ya şirkətlər tərəfindən ağacların kəsilməsi faktları iki halda baş verir: “Birincisi onların qanunvericiliyi bilməməkləri, yəni ağacın qanunsuz kəsilməsinin hansı hüquqi məsuliyyətə səbəb ola biləcəyindən xəbərsiz olmalarıdır. Onlar bilmirlər ki, bir ağacın qanunsuz kəsilməsi hətta insanın azadlıqdan məhrum edilməsi ilə də nəticələnə bilər. Digər halda böyük şirkətlərin cəzasızlığa ümid etmələridir. Həmin tikinti şirkətlərinin məsul şəxsləri elədikləri qanunsuzluqların üzə çıxmayacağını düşünsələr də, mövcud üsullarla onların qanunazidd əməllərini üzə çıxarırıq. Təkcə ötən il ölkə üzrə 1963 belə fakt müəyyən edilib. Həmin faktlardan 223-ü hüquq-mühafizə orqanlarına və əksər hallarda Baş Prokurorluğa göndərilib. Cinayət tərkibli işlər üzrə ziyanın məbləği 2 milyon 550 min manat müəyyən edilib. Bu ilin üç ayı ərzində 67 cinayət tərkibli iş müəyyən edilərək hüquq-mühafizə orqanlarına təqdim edilib. Dəymiş ziyanın məbləği 850 min manat həddində hesablanıb. Sadalanan faktlar üzrə işlər təkcə ziyanın ödənilməsi ilə yekunlaşmır, eyni zamanda, qanunsuz ağac kəsən şəxsə və ya tikinti şirkətinin məsul şəxsinə qarşı cinayət işi qaldırıldığı təqdirdə onların azadlıqdan məhrum edilməsi halları da var”.