BİR QRUP NEFTÇİYƏ “ƏMƏKDAR MÜHƏNDİS” FƏXRİ ADININ DÖŞ NİŞANLARI VƏ VƏSİQƏLƏRİ TƏQDİM EDİLMİŞDİR
Mərasimi giriş sözü ilə açan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda ölkəmizin Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən neft strategiyasından, görülmüş işlərin mühüm əhəmiyyətindən danışmışdır. O, son illər şirkətdə qazanılmış uğurların Azərbaycanın neft və qaz sənayesinin inkişafına, Dövlət Neft Şirkətinin beynəlxalq standartlara cavab verən bir quruma çevrilməsinə, bu sahədə dünyanın tanınmış şirkətləri ilə sağlam rəqabət aparmasına, ölkədə neft və qaz hasilatının artmasına zəmin yaratdığını vurğulamışdır.
R.Abdullayev Azərbaycanın neft və qaz sənayesinin inkişaf etdirilməsində, hasilatın artırılmasında, yeni yataqların kəşf olunmasında ölkə neftçilərinin müstəsna xidmətlərini xüsusi qeyd etmişdir. Bildirilmişdir ki, neftçilərin xidmətləri daim dövlətimizin, xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin diqqətində olmuş, müxtəlif vaxtlarda onlar fəxri adlara layiq görülmüş, ali dövlət mükafatları ilə təltif olunmuşlar. ARDNŞ-in prezidenti neftçilərin xidmətlərinin dövlətimizin başçısı tərəfindən növbəti dəfə yüksək qiymətləndirildiyini bildirmiş, 2005-ci il sentyabrın 19-da yenidən təsis edilmiş “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş ilk 10 nəfərin məhz neftçi olduğunu diqqətə çatdırmışdır.
Sonra Azərbaycan Prezidentinin Sərəncamı oxunmuş və Rövnəq Abdullayev “Əməkdar mühəndis” fəxri adına layiq görülənlərə döş nişanları və vəsiqələr təqdim etmiş, onlara ölkəmizin neft və qaz sənayesinin inkişafında uğurlar arzulamışdır.
Təltif olunanlardan ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, vitse-prezident David Məmmədov, şirkətin qazma şöbəsinin rəisi Xaliddin Tatlıyev, ətraf mühitin qorunması və təhlükəsizlik texnikası şöbəsinin rəisi Ağamahmud Siracov və başqaları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.