Birləşmiş Ərəb Əmirliklərinin “Hope” missiyası Marsın ilk fotoşəkilini göndərib
Qahirə, 1 iyul, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ərəb dünyasında ilk Mars missiyası Qırmızı planetin ultrabənövşəyi halqa ilə əhatə olunmuş ilk fotoşəkilini Yerə göndərib.
AZƏRTAC xəbər verir ki, astronomlar Günəş radiasiyası, Marsın maqnit sahəsi və planetin atmosferini əks etdirən bu görüntünü yeni bir nailiyyət kimi qiymətləndiriblər.
BƏƏ-nin Mars missiyasının elmi rəhbəri Həssa Əl Matruşi bildirib ki, bu fotoşəkil Günəş fırtınasının Marsın ətrafında yaratdığı maqnit sahəsinin öyrənilməsi sahəsində yeni bir səhifə açıb. Fotoşəkil “Hope” kosmik gəmisində quraşdırılmış ultrabənövşəyi spektrometr vasitəsilə çəkilib.
Alimlər bildiriblər ki, Günəş fırtınası Yerin ətrafında da analoji mənzərə yaradır. Əmirliklərin Mars missiyasının növbəti hədəfi Qırmızı planetdə oksigen və karbon qazının səviyyəsinin ölçülməsi, həmçinin planetin səthində mineralların həcminin müəyyən edilməsi olacaq.
Yaxın vaxtlarda “Hope” missiyasının Marsın orbitində 20 min - 43 min uzaqlıqda yerləşməsi planlaşdırılır. Qırmızı planetin atmosferinin dinamikası xəritəsini tərtib etmək üçün kosmik gəmi hər 55 saatda bir planetin orbitində tək hərəkətini başa vuracaq və ikiillik missiyası dövründə qarşıya qoyulan vəzifəni yerinə yetirəcək.
Ümumu çəkisi 1350 kiloqram olan kosmik gəmi ABŞ-ın Kolorado, Arizona və Kaliforniya universitetlərinin mütəxəssisləri ilə birgə hazırlanıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə