BMT-NİN BAŞ KATİBİ BEYNƏLXALQ GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏT QƏBUL ETMİŞDİR
Beynəlxalq Gənclər gününün builki mövzusu “Yoxsulluqla mütəşəkkil mübarizə: gənclər və yoxsulluğun aradan qaldırılması”dır.
Müraciətdə bildirilir ki, müasir dünyamızda 1 milyarddan çox gənc inkişaf məqsədləri üçün güclü insan ehtiyatı, yeniliklərin və müsbət sosial dəyişikliklərin bələdçisidir. Bununla belə, gənclər arasında irimiqyaslı yoxsulluq dünyanı həmin potensialdan məhrum edir. Bolluğun hökm sürdüyü zəmanəmizdə 15-24 yaşlarında hər beş nəfərdən biri gündə bir dollardan az məbləğə dolanmalı olur, təxminən yarısı isə gündə iki dollardan az məbləğə yaşayır. Dünyada fəhlə qüvvəsinin dörddəbirini gənclər təşkil etsə də, elə işsizlərin yarısı da onların payına düşür.
Daha sonra deyilir ki, münasib işi olmayan gənclər yoxsulluğa daha çox düçar olur, bu da, öz növbəsində, onları təhsil və ilkin tibbi-sanitariya xidmətindən məhrum edir. Buna görə də gənclərin daimi və sərfəli iş tapmaq imkanları milli inkişaf strategiyalarının, o cümlədən yoxsulluğun miqyaslarının azaldılması siyasətinin əsas məqsədlərindən biri olmalıdır.
Müraciət gəncləri dəstəkləmək, ümumi maraqlar naminə onların böyük potensialından istifadə edilməsinə yönəldilmiş səyləri ikiqat artırmaq çağırışı ilə bitir.