BMT-NİN BAŞ KATİBİ DÜNYA LİDERLƏRİNİ VERDİKLƏRİ VƏDLƏRİ YERİNƏ YETİRMƏYƏ ÇAĞIRMIŞDIR
Müraciətdə deyilir ki, başa çatan il BMT-nin tarixində ən çətin illərdən biridir. Biz İraqda müharibənin və dövlətlər arasında müharibə və sülhlə bağlı mühüm məsələlərə dair dərin ixtilafların şahidi olduq. Bu hadisələr dünya liderlərinin diqqətini insanların əksəriyyətinin daha aktual və real hesab etdiyi digər təhlükələrdən yayındırır. Baş katib bununla ifrat səfalət və aclığı, içməli suyun təhlükəli olduğunu, ətraf mühitin vəziyyətinin pisləşdiyini, endemik və yoluxucu xəsləliklərin getdikcə daha çox yayıldığını nəzərdə tutduğunu vurğulamışdır. Bu təhlükəli hallar planetimizin bir çox bölgələrini əhatə etmişdir. Onlar hər il milyonlarla insanın ölümünə səbəb olur, cəmiyyəti dağıdır, ixtilafları və ümidsizlik hisslərini gücləndirir. Bu gün, müharibələr və ixtilaflarla keçən il başa çatarkən insanların sağlamlığının qorunması və onların firavanlığının təmin edilməsi məqsədi ilə hamımızın daha çox səy göstərməyimizin vaxtıdır”.
Baş katib daha sonra bildirir ki, bəli, biz terrorizmlə mübarizə aparmalıyıq, lakin ölümsaçan silahın yayılmasına yol verməməliyik.
Kofi Annan İÇV/QİÇS-lə mübarizədə dönüş yaratmaq üçün var qüvvə ilə çalışmağa çağırmışdır. Bu, Dünya Səhiyyə Təşkilatının 2005-ci ildə retroviruslu terapiya ilə üç milyon insanın əhatə olunmasını nəzərdə tutan planının qəbul edildiyi və həyata keçirildiyi halda mümkün olacaqdır.
Baş katib vurğulayır ki, üç ildən bir qədər çox əvvəl Minilliyin Sammitində bütün dövlətlərin liderləri konkret vaxt ərzində həyata keçiriləcək dəqiq məqsədləri - inkişaf sahəsində Minilliyin Bəyannaməsində açıqlanmış məqsədləri özləri müəyyənləşdirmişdilər. Bu məqsədlərə çatmaq üçün dünyanın silahlara sərf etdiyi vəsaitin çox cüzi hissəsi lazımdır. Lakin bu, milyardlarla insana ümid verəcək və bizim hamımızın böyük təhlükəsizliyini təmin edəcəkdir.
BMT Baş katibi öz müraciətini bu sözlərlə bitirir: “Bizə yeni vədlər lazım deyildir, biz artıq verdiyimiz vədləri mütləq həyata keçirməyə başlamalıyıq”.