“BMU-İNHA İDP-də təhsil almaq hədəflərimə çatmaqda güclü təməl yaradır” – gələcəyin mühəndisi
Xırdalan, 19 avqust, AZƏRTAC
Emiliya Xəlilova Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) inşaat mühəndisliyi ixtisasının tələbəsidir. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın gənclərin parlaq gələcəyində xüsusi rol oynadığını söyləyir.
Bu barədə AZƏRTAC-a BMU-dan bildirilib. “Bu proqramda həm nəzəri, həm praktiki biliklər qazanırıq. Yerli və xarici professor-müəllim heyətindən dərs alırıq. İxtisasımız üzrə uğurlu xarici təcrübəni mükəmməl mənimsəyirik. Bunlar isə o deməkdir ki, müasir əmək bazarının tələblərinə uyğun kadrlar kimi yetişə bilirik” - deyən E.Xəlilova Dövlət Proqramının gənclərin hərtərəfli inkişafını təmin etdiyini düşünür.
BMU-İNHA İDP-də təhsil almağın onun hədəflərinə çatmasında güclü təməl yaratdığını vurğulayan gələcəyin inşaat mühəndisi inanır ki, aldığı təhsil sayəsində yaxşı kadr kimi yetişəcək və yüksəkixtisaslı mütəxəssis olaraq ölkəsinə gərəkli töhfələr verəcək.