BMU “Qlobal Dayanıqlı İnkişaf” konqresində təmsil olunur
Bakı, 18 iyun, AZƏRTAC
Bakı Mühəndislik Universiteti (BMU) Türkiyənin İstanbul şəhərində “Times Higher Education” (THE) reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Qlobal Dayanıqlı İnkişaf” konqresində təmsil olunur.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi rəhbərliklərinin iştirak etdiyi konqres çərçivəsində ümumilikdə ölkəmizin 12 aparıcı universitetinin müsbət təcrübəsi Azərbaycan pavilyonunda beynəlxalq auditoriyaya təqdim edilir.
Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar, qardaş ölkənin digər rəsmi şəxsləri, universitet rektorları, eləcə də xarici qonaqlar BMU-nun stendi ilə tanış olublar. Onlara gənc universitet olan BMU-nun son illərdə əldə etdiyi nailiyyətlər, tədris edilən və açılan yeni ixtisaslar, geniş kampusa malik ali təhsil ocağında əcnəbi tələbələr üçün yaradılan şərait və s. haqqında geniş məlumat verilib. Tanışlıq zamanı Türkiyə və digər universitetlərlə əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.
Azərbaycanın 50 nəfərə yaxın heyətlə qatıldığı “Qlobal Dayanıqlı İnkişaf” konqresinin rəsmi açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev ölkəmizin təcrübəsinə həsr olunmuş müzakirədə iştirak edib. Nazir Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsindən sonrakı dövrdə elm və təhsil sahəsinin inkişafı üçün yaranmış imkanlar barədə sualları cavablandırıb. Eyni zamanda, ali təhsil müəssisələrimizdə dayanıqlı inkişaf üzrə görülən işlər, iqlim üzrə tədqiqatların dəstəklənməsi, yaşıl bacarıqların inkişafı, qlobal tərəfdaşlıqların qurulması və digər məsələlər vurğulanıb.
Bu gün yekunlaşacaq konqresdə dünyanın 100-dən çox ölkəsindən 5000-dən artıq nümayəndə təmsil olunur.