Bolnisidə dil kurslarını uğurla başa vuran məzunlara sertifikatlar təqdim olunub
Tbilisi, 18 iyul, AZƏRTAC
Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” (QHİM) soydaşlarımıza gürcü, ingilis və digər dillərin öyrədilməsi, onların gürcü cəmiyyətinə inteqrasiyası istiqamətində fəaliyyətini uğurla davam etdirir. Son 2 ildə 500-dən çox soydaşımız mərkəzin fəaliyyətindən bəhrələnib.
AZƏRTAC xəbər verir ki, bu sözləri mərkəzin rəhbəri Rezo Həsənov QHİM-in 6 aylıq gürcü və ingilis dili kurslarını uğurla başa vuran məzunlara sertifikatların təqdim olunması mərasimində söyləyib.
Bildirib ki, “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” artıq iki ilə yaxındır ki, öz fəaliyyətini uğurla davam etdirir. Bu günə qədər mərkəzdə ödənişsiz şəkildə keçirilən kurslardan 500-ə yaxın şəxs faydalanıb. Onların içərisində şagirdlər, tələbələr, müəllimlər və digər şəxslər olub. Mərkəz bütün imkanlarından maksimum istifadə edərək gələcəkdə də, gənclərin daha aktiv və təhsilli olmaları üçün çalışacaq.
Məlumat üçün bildirək ki, “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə təşkil olunan kurslar, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Tbilisi