Bolqarıstanda “Müstəqil Azərbaycanda dövlət quruculuğu” mövzusunda mühazirə oxunub
Sofiya, 17 may, AZƏRTAC
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin tələbə və akademik heyəti üçün “Müstəqil Azərbaycanda dövlət quruculuğu” mövzusunda mühazirə oxuyub.
Tədbir Sofiya Universitetinin tələbə şurasının beynəlxalq fəaliyyət üzrə komissiyası, universitetin yeni və klassik filologiya fakültəsinin tələbə şurasının təşkilatçılığı, universitetin nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Diplomat mühazirədə 1991-ci il 18 oktyabr tarixində “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsinin respublikanın müstəqil dövlətçiliyinin hüquqi əsasını möhkəmləndirdiyini bildirib. O, bu il müstəqilliyimizin bərpasının 25 illiyinin qeyd ediləcəyini bildirərək ulu öndər Heydər Əliyevin xalqımızın tarixində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi əbədi yer tutduğunu diqqətə çatdırıb. N.Qurbanova 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün istiqamətlərdə mühüm islahatların həyata keçirildiyini, məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra - 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsi, ədalət, azadlıq və təhlükəsizliyin bərqərar edilməsi baxımından referendum yolu ilə müstəqil dövlətimizin Konstitusiyasının qəbul olunduğunu vurğulayıb.
Diplomat ulu öndər Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən birinin Azərbaycan neftinin dünya bazarına nəqli olduğunu qeyd edib. O, ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində ölkəmizin beynəlxalq enerji şirkətləri ilə uzunmüddətli əməkdaşlığa nail olması barədə məlumat verib. Səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu xarici və daxili siyasətin həyata keçirildiyini qeyd edib, Azərbaycanın təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyətli iqtisadi, sosial və mədəni layihələr barədə ətraflı məlumat verib.
N.Qurbanova, həmçinin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu, aprelin 26-27-də Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yüksək səviyyədə keçirildiyini, bu il Gəncənin “Avropa Gənclər Paytaxtı” olduğunu, nüfuzlu “Formula-1” yarışının iyunun 17-19-da Bakıda təşkil olunacağını iştirakçıların diqqətinə çatdırıb.
Səfir Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü və cari ilin aprelindən başlayaraq qoşunların təmas xəttində mülki əhali hədəfə alınaraq düşmənin silahlı qüvvələrinin silahlı təxribatları barədə ətraflı məlumat verib.
Mühazirənin sonunda səfir universitetin tələbə və müəllim heyətinin ölkəmizin iqtisadi inkişafı, beynəlxalq əməkdaşlığı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə suallarını cavablandırıb.
Tədbirdə, ölkəmizlə bağlı, o cümlədən “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı”, “Formula-1” Avropa Qran-pri yarışın haqqında təşviqat materialları paylanılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya