Bolqarıstanlı gimnast Stiliana Nikolova Bakıda fərdi yarışlarda üçüncü qızıl medala sahib olub
Bakı, 23 aprel, AZƏRTAC
Bolqarıstan təmsilçisi Stiliana Nikolova Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında üçüncü qızıl medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, gimnastın lent ilə final mərhələsində çıxışı 31,300 xalla qiymətləndirilib.
Digər bolqarıstanlı gimnast Eva Brezalieva 31,100 xalla turniri ikinci, Özbəkistan gimnastı Taxmina İkromova 30,950 xalla üçüncü pillədə başa vurub.
Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan onuncu dünya kuboku yarışlarıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.