Botanika İnstitutunda magistrant, doktorant və dissertantların attestasiyası keçirilib
Bakı, 5 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda təhsil alan magistrant, doktorant və dissertantların 2022-2023-cü tədris ilinin II semestri üçün attestasiyası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, attestasiya Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayevanın sədrliyi ilə keçirilib.
Attestasiyada I kursda təhsil alan 3 magistrant, fəlsəfə doktoru hazırlığı üzrə 5 doktorant və 4 dissertant iştirak edib. Onların 2023-cü ildə gördükləri elmi işlərin təqdimatı dinlənilib, konfranslarda iştirakı, nəşr olunan elmi əsərləri, nəzəri və çöl tədqiqatlarına aid bəzi məsələlər müzakirə edilib.
Sonda Attestasiya Komissiyası üzvlərinin təklif və tövsiyələri dinlənilib, fərdi iş planlarını yerinə yetirmiş magistrant, doktorant və dissertantların növbəti ildə təhsillərini davam etdirmələri qərara alınıb.
İclasda, həmçinin təhsilini başa vuran, lakin hələ müdafiə etməyən sabiq doktorant və dissertantların üzləşdiyi problemlər öyrənilib, prosesin sürətlənməsi üçün tövsiyələr verilib.