Böyük Britaniya yeni Aİ sərhəd yoxlamalarına hazırlıq üçün 10,5 milyon funt-sterlinq xərcləyəcək
London, 28 avqust, AZƏRTAC
Böyük Britaniya hökuməti bu payız Avropa İttifaqının yeni sərhəd yoxlamalarına hazırlıq üçün 10,5 milyon funt-sterlinq maliyyə vəsaiti ayıracaq.
AZƏRTAC xəbər verir ki, Dover limanı, “Eurotunnel” və “Eurostar” şirkətləri sərnişinlər üçün növbələri azaltmağa kömək etmək məqsədilə maliyyə dəstəyi alacaq. Bu payızdan etibarən Böyük Britaniya və digər Aİ üzvü olmayan ölkələrdən gələn səyahətçilər Avropa İttifaqı tərəfindən tətbiq edilən yeni rəqəmsal sərhəd sistemi olan giriş-çıxış sistemi (EES) vasitəsilə yoxlanılacaqlar. Bu sistem fotoşəkil və barmaq izlərinin götürülməsini əhatə edəcək. Həmin səyahətçilər iştirakçı Avropa ölkəsinə hər dəfə daxil olduqda və ya çıxdıqda bu qeyd ediləcək. Onlar barmaq izlərini və məlumatlarını verdikdən sonra bu qeydiyyat üç il müddətində etibarlı olacaq. Bu müddət ərzində hər dəfə sərhədi keçəndə bu qeydiyyat təsdiqlənməlidir. Bu proses pasporta möhür vurulmasının yerini alacaq.
Hökumət tərəfindən ayrılan vəsait bu yoxlamaların həyata keçirilməsi üçün limanlara zəruri texnologiyanın təmin edilməsinə xərclənəcək. Bu sistem Aİ-yə qısamüddətli səfər edən Britaniya vətəndaşları və digər Aİ üzvü olmayan ölkələrin vətəndaşlarına şamil olunur.
AZƏRTAC-ın xüsusi müxbiri
London