Böyük Britaniyada yeni büdcə təqdim olunub
London, 26 noyabr, AZƏRTAC
Bu gün Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz ölkənin yeni büdcəsini təqdim edərək vergi siyasətində və dövlət maliyyəsində nəzərəçarpan dəyişikliklər elan edib.
AZƏRTAC xəbər verir ki, nazir çıxışında iqtisadiyyatda sabitliyi bərpa etməyin və investisiyaları dəstəkləməyin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, gəlir vergisi üzrə mövcud hədlərin dondurulması 2031-ci ilə qədər uzadılır. Bu qərarın nəticəsində yaxın illərdə daha çox vergi ödəyicisinin yüksək vergi dərəcələrinə keçəcəyi gözlənilir. Yeni büdcədə, həmçinin dəyəri 2 milyon və 5 milyon funt sterlinqdən yüksək olan evlərə əlavə vergi tətbiq olunacağı açıqlanıb. Elektrik avtomobilləri üçün istifadəyə görə ödəniş mexanizmi, illik 2 min funt sterlinqdən artıq pensiya töhfələrinə əlavə vergi planlaşdırılan yeniliklər sırasındadır. İki uşaq limitinin ləğvi isə sosial təminat alan bəzi ailələr üçün mühüm dəyişiklik kimi qiymətləndirilir.
R.Rivz çıxışında dövlət borcunun hazırkı vəziyyətinə də toxunub. O bildirib ki, Böyük Britaniyanın xalis dövlət borcu bu il 2,6 trilyon funt sterlinq olacaq və hökumətin xərclədiyi hər 10 funtun 1-i borc faizlərinə gedir. O, Mühafizəkarlar Partiyasını iqtisadiyyata vurulan zərərə görə tənqid edərək onların hakimiyyətdə olduqları dövrdə milli borcu iki dəfə artırdıqlarını qeyd edib. R.Rivz bildirib ki, tətbiq etdiyi fiskal qaydalar borclanmanın azaldılmasına, eyni zamanda investisiya mühitinin qorunmasına xidmət edir. 2028–2029-cu maliyyə ilinə qədər büdcə balansının 3,9 milyard funt sterlinq profisitə keçəcəyi proqnozlaşdırılır.
Büdcə ilə bağlı açıqlanan maliyyə proqnozlarında vergi yükünün də artacağı göstərilir. Büdcə Məsuliyyəti Ofisinin qiymətləndirməsinə əsasən, hökumətin vergi gəlirlərinin ÜDM-də payı 2030–2031-ci ildə 38 faiz səviyyəsinə yüksələcək ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Yeni büdcənin ölkə iqtisadiyyatına real təsirlərinin yaxın aylarda daha aydın görünəcəyi gözlənilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London