BÖYÜK BRİTANİYANIN AZƏRBAYCANDAKI YENİ SƏFİRİ ETİMADNAMƏSİNİN SURƏTİNİ XARİCİ İŞLƏR NAZİRİNƏ TƏQDİM ETMİŞDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, nazir Vilayət Quliyev səfiri yeni təyinatına görə təbrik edərək, Böyük Britaniya ilə Azərbaycan arasındakı münasibətlərin ənənəvi dostluq xarakteri daşıdığını vurğulamışdır. Nazir, səfirin bu vəzifədə iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənəcəyinə və ikitərəfli əlaqələrin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə daha intensiv şəkildə inkişafı üçün diplomatik xidmət sahəsindəki təcrübəsindən istifadə edəcəyinə, əməkdaşlığın ikitərəfli münasibətlərdə və beynəlxalq təşkilatlar çərçivəsində də davam etdiriləcəyinə əmin olduğunu bildirmişdir.
Görüş zamanı nazir Vilayət Quliyev respublikamızdakı ictimai-siyasi vəziyyət, həyata keçirilən demokratik və iqtisadi islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan işlər, Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə iştirakı və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığı barədə səfirə ətraflı məlumat vermişdir.
Səfir Lorens Bristou Bakıdakı diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı dostluq münasibətlərinin və işgüzar əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsi üçün səylərini əsirgəməyəcəyini və bu istiqamətdə qarşılıqlı əməkdaşlığa ümidvar olduğunu bildirmişdir. Səfir ölkəmizin terrorizmə qarşı mübarizədə beynəlxalq koalisiyada iştirakını Böyük Britaniya tərəfindən yüksək qiymətləndirildiyini vurğulamış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq birliyin birgə səyləri nəticəsində sülh yolu ilə həll ediləcəyinə ümid etdiyini bildirmişdir.
Sonra səfir etimadnaməsinin surətini nazirə təqdim etmişdir.