Böyük Qayıdış prosesində ortaya qoyulan iradə kifayət qədər təqdir edilən davranışdır - Politoloq
Bakı, 19 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan doğma yurdlarına qayıdışı mərhələli şəkildə davam edir. Bu gün isə Laçın şəhərinə köç prosesinin növbəti mərhələsinin şahidi olduq. Həyata keçirilən bu ardıcıl köç prosesi ölkəmizin növbəti dəfə siyasi qüdrətini və gücünü göstərdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
O qeyd edib ki, Azərbaycan çox qısa bir müddət ərzində vətəndaşlarımızın təhlükəsiz və ləyaqətli formada Qarabağa qayıdışı prosesini həyata keçirir. Bu günə qədər vətəndaşlarımızın qayıtdığı bölgələrdə və kəndlərdə yaşayış üçün lazımlı olan bütün infrastruktur maksimum şəkildə təmin edilib. “Eyni zamanda, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərə qayıdan insanların rahat yaşayışı üçün orada təhlükəsizlik tədbirlərini də vaxtında həyata keçirib. Bunun nəticəsində həmin qayıdış baş verən bölgələrdə vətəndaşlarımıza onların həyatlarını yaxşı formadan davam etdirəcək iş yerləri və yaşayış şəraiti yaradılıb. Prezident İlham Əliyevin göstərişi ilə dövlətimizin Böyük Qayıdış prosesində ortaya qoyduğu iradə kifayət qədər təqdir edilən bir davranışdır, həmçinin bütün dünya ölkələrinə örnək xarakteri daşıyır. Əhalinin işğaldan azad olunmuş torpaqlara qayıdışı yüksək sürətlə davam edir. Ölkəmiz bu məsələdə necə böyük bir iradəyə və dövlət qətiyyətinə malik olduğunu bir daha nümayiş etdirir”, - deyə T.İsmayılov vurğulayıb.
O hesab edir ki, ərazilərimiz minalardan təmizləndikcə, orada lazımi infrastruktur layihələri formalaşdıqca, erməni vandallığına məruz qalmış bölgələrdə yaşayış üçün uyğun həyat standartları yüksəlir. Həmçinin infrastruktur layihələri gerçəkləşdirildikcə bütün məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıdacaq. Azərbaycan kömək və yardım olmadan, heç kimə müraciət etmədən öz vəsaitləri hesabına bu möhtəşəm layihələri həyata keçirir. Ölkəmizin müharibədən dərhal sonra başladığı yenidənqurma tarix dərsliklərində yer alacaq böyük nailiyyətdir.