Braziliya koronavirusun üçüncü dalğasının astanasındadır
Madrid, 22 iyun, AZƏRTAC
Bazar ertəsi Braziliyada COVID-19 nəticəsində 761 ölüm və 38.903 yoluxma faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Braziliya Milli Səhiyyə Şurasının (CONASS) məlumatına görə, indiyə qədər ölkədə COVID-19 virusundan ölənlərin sayı 502.586 nəfər, yoluxanların sayı isə 17.996.831 nəfərdir.
CONASS-ın rəhbəri Karlos Lulanın sözlərinə görə, xəstəliyə yoluxmaların sayının getdikcə artması onu göstərir ki, Braziliya koronavirusun üçüncü dalğasının astanasındadır. Hazırda ölkədə hər 100 min nəfər sakinin payına 240 ölüm, 8.550 yoluxma faktı düşür.
Pandemiya nəticəsində ölənlərin sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə və yoluxanların sayına görə üçüncü yerdə olan Braziliyada koronavirusdan ölənləri sayı şənbə günü 500 mini keçib.
Braziliyanın ən çox zərər çəkən federal vahidi əvvəlki kimi San-Pauludur. Burada Sars-CoV-2 diaqnozlu 3.587.646 pasiyent qeydə alınıb. Pandemiya başlanandan bəri 122.258 ölüm halı baş verib.
Hazırkı vəziyyətə görə, Braziliya əhalisinin yalnız 11,5 faizi COVID-19 əleyhinə tamamilə peyvəndlənib. 64.436.634 nəfər vaksinin birinci dozasını alıb ki, bu da ölkə əhalisinin 30,43 faizini təşkil edir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid