Britaniya jurnalında Azərbaycan səfirinin məqaləsi dərc edilib
London, 2 dekabr, AZƏRTAC
Böyük Britaniyanın Ticarət Palataları və İxracat İnstitutunun dəstəyi ilə “Global Trader” jurnalının Avropanın yüksək iqtisadi potensiala malik ölkələrinə həsr etdiyi “Guide to Emerging Europe” nəşrində Azərbaycanın Londondakı səfiri Tahir Tağızadənin önsözü və ölkəmizin ümumi iqtisadi vəziyyətinə dair geniş məqaləsi dərc edilib.
“Sabitlik, dayanıqlılıq və rifah” sərlövhəli məqalədə ölkəmizdə son on ildə əldə edilmiş makroiqtisadi sabitlik və yeni iş yerlərinin yaradılması sahəsində görülmüş işlərdən bəhs olunub. 2013-2014-cü illər üzrə Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın MDB məkanında son 5 il ərzində aparıcı yer tutduğunu qeyd edən səfir ölkəmizin xüsusilə enerji sahəsində Avropanın etibarlı və uzunmüddətli tərəfdaşına çevrildiyini diqqətə çatdırıb.
Məqalədə Azərbaycanda hazırda iqtisadi şaxələndirmə siyasətinin həyata keçirildiyi, 2014-cü ilin “Sənaye ili” elan olunduğu, ilk milli telekommunikasiya peykinin orbitə çıxarıldığı və yüksək sənaye parkı kimi layihələrin icrasına start verildiyi bildirilib.
Azərbaycan-Böyük Britaniya münasibətlərinə toxunan T.Tağızadə ölkəmizin iqtisadiyyatına yatırılan xarici sərmayələrin həcminə görə Böyük Britaniyanın aparıcı mövqe tutduğunu vurğulayıb. Səfir enerji sahəsində əməkdaşlıqla başlamış bu tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənməsi üçün qeyri-enerji sahələrinin inkişafının prioritet olduğunu qeyd edib.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London