Britaniya layihəsinin tətbiqi paytaxtın Nizami rayonunda da uğurla davam etdirilir
Bakı, 10 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin kommunal sahədə islahatların genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq dörd ildir ki, Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə icrasına başladığı bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi hazırda uğurla davam etdirilir. İlk olaraq Nərimanov rayonunda başlanan layihənin həyata keçirilməsində əldə edilən müsbət nəticələr imkan verdi ki, mərhələli şəkildə paytaxtın daha 7 rayonu - Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Səbail və Suraxanı rayonları da bu işlərə qoşulsun.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində həyata keçirilən işlərin gedişatının monitorinqi məqsədilə mütəmadi olaraq hər bir rayon üzrə toplanan çeşidlənmiş tullantıların tərkibi və çəkisi araşdırılır, nəticələr əvvəlki müddətlə müqayisə edilir. Görülən hazırlıq tədbirlərinin və təbliğat işlərinin nəticəsi kimi, 2021-ci ilin mart ayında Nizami rayonunda başlanılan bu layihəni uğurlu saymaq olar. Belə ki, əgər layihənin tətbiqinin ilk aylarında çeşidlənmiş tullantının həcmi bir gündə 6-7 ton, sonradan isə tədricən 12-13 ton olurdusa, hazırda bu rəqəm gündəlik təqribən 20-23 ton arası təşkil edir. Bu da ilk növbədə, əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərinin nəticəsidir. Eyni zamanda, Nizami rayon sakinləri də ilk gündən bu layihənin tətbiqində yaxından iştirak edirlər.
Qeyd edilməlidir ki, ətraf mühitin çirklənmədən qorunması üçün çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədilə ölkə Prezidentinin ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhərinin kommunal təsərrüfatı xidmətləri üçün 104 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal xidmətlərin mövcud avtoparkının yenilənməsinə böyük kömək olub. Növbəti ildə də yeni texnikaların alınması nəzərdə tutulub.
Qeyd olunan layihənin uğurla həyata keçirilməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığımızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.