Britaniyalı fermerlər Londonda etiraz aksiyası keçiriblər


London, 11 fevral, AZƏRTAC
Britaniyada fermerlər Leyboristlər hökumətinin miras vergisi ilə bağlı planlarını yenidən nəzərdən keçirməsini tələb edərək Londonda kütləvi etiraz aksiyası keçiriblər.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, hökumətin dəyəri bir milyon funt-sterlinqdən çox olan təsərrüfatlarda 20 faizlik vərəsəlik vergisi dərəcəsinin tətbiqi planları fermerlər arasında böyük narazılığa səbəb olub.
Britaniya Kənd Təsərrüfatını Qoru (Save British Farming) təşkilatı tərəfindən təşkil edilən etiraz aksiyası artıq üçüncü dəfədir ki, fermerləri paytaxta toplayır. Fermerlər traktorlardan ibarət karvanı Uaytoll (Whitehall) küçəsində park edərək Trafalqar meydanına qədər uzanan bir etiraz xətti yaradıblar. Hətta dörd tankın da aksiyada iştirak etdiyi müşahidə olunub. Etirazçılar Britaniya bayraqları dalğalandıraraq və kənd təsərrüfatını dəstəkləyən şüarlar yazılmış plakatlar nümayiş etdirərək hökumətə çağırış ediblər.
Hökumət isə hələlik mövqeyindən geri çəkilmək niyyətində deyil. Aksiyanın təşkilatçısı Liz Vebster hökuməti ölkəni ərzaq böhranına sürükləməkdə ittiham edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London