DÜNYA
Brovarıda helikopter qəzası nəticəsində Ukrayna DİN-in rəhbərləri həlak olub VİDEO
Kiyev, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Kiyev vilayətinin Brovarı qəsəbəsində helikopter qəzası nəticəsində Ukraynanın daxili işlər naziri Denis Monastrski və onun birinci müavini Yevgeni Yenin həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko məlumat verib.
"Bu gün səhər Dövlət Fövqəladə Hallar Xidmətinin vertolyotu Brovarıda qəzaya uğrayıb. Qəza nəticəsində Daxili İşlər Nazirliyinin rəhbərliyi həlak olub: nazir, nazirin birinci müavini və dövlət katibi", - Klimenko feysbukda belə yazıb.
Qəzada üçü uşaq olmaqla, azı 18 nəfərin öldüyü bildirilir. Həmçinin 29 nəfərin yaralandığı məlum olub, onlardan 15-i uşaqdır.
Kiyev vilayəti dövlət administrasiyasının rəhbəri Aleksey Kulebanın sözlərinə görə, helikopter uşaq bağçasının və yaşayış binası yaxınlığına düşüb. Qəzadan sonra partlayış səsi eşidilib və yanğın başlayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev