Brüssel görüşündə sərhədlərin müəyyənləşdirilməsinin əsasları ilə bağlı müzakirələrdə irəliləyiş əldə edilib – Şərh
Bakı, 17 iyul, AZƏRTAC
İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşündə əsasən ölkəmizin daha əvvəl irəli sürdüyü və Ermənistanın yerinə yetirmədiyi üçtərəfli birgə Bəyanatın bəndləri əsasında danışıqlar aparılıb. Brüssel danışıqları Vaşinqton görüşünün davamı kimi dəyərləndirilir. Həmin görüşdə isə əldə olunan ən əsas nəticə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün tanıması ilə əlaqədardir. Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ermənistan, ilk növbədə, münasibətlərin normallaşdırılmasına çalışmalıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.
O deyib ki, hazırda isə, ilk növbədə, Qarabağda yerləşən qanunsuz erməni hərbi birləşmələri Azərbaycan ərazisindən çıxarılmalı və tərksilah edilməlidir. Bu, Azərbaycanın irəli sürdüyü tələbdir. Bundan başqa, biz əgər iki ölkə arasında sülh müqaviləsinin imzalanmasından danışırıqsa, o zaman paralel olaraq həyata keçiriləcək proseslərdən biri də sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılmasıdır. Bu məsələlər də Azərbaycanı dərindən narahat edir. Sərhədlərin müəyyənləşdirilməsinin əsasları ilə bağlı müzakirələrdə irəliləyiş əldə edilib.
Hərbi ekspertin sözlərinə görə, Brüssel görüşündə Azərbaycanın Beynəlxalq Qırmızı Xaç Komitəsi üçün təklif etdiyi Ağdamdan humanitar yardımları təmin etmək fikrinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən də səsləndirilməsi bir daha onu deməyə əsas verir ki, Avropa Azərbaycanın irəli sürdüyü təklifləri məqbul hesab edir və onların həyata keçirilməsini də dəstəkləyir.
“Nəticə etibarilə, danışıqlar prosesi kifayət qədər intensivləşib. Görünən odur ki, Qarabağda yaşayan erməni icmasını yaxın aylarda dəyişikliklər gözləyir. Heç bir separatçı rejim dünyada mitinqlər təşkil etməklə istədiyinə nail olmayıb. Bu, Xankəndində olan erməni separatçılarına da aiddir. Ümid edirəm ki, gələcəkdə biz separatçı rejimin tamamilə ləğv edilməsinin, qanunsuz erməni silahlı dəstələrinin tərksilah edilərək ərazidən çıxarılmasının və dövlət strukturlarımızın orada fəaliyyətə başlaması barədə planların reallaşdırılacağının şahidi olacağıq”, - deyə Ə.Verdiyev vurğulayıb.
Qeyd olunub ki, Azərbaycanın sülh danışıqları ilə bağlı aydın və məntiqli addımları beynəlxalq hüquqa əsaslanır. Danışıqlar prosesində müsbətə doğru hərəkət var. Ermənistan Qarabağ və anklav kəndlər də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır və sərhədlərini qəbul edir. Xüsusi qeyd edilməlidir ki, Ermənistan bu nöqtəyə öz xoşu ilə gəlməyib, Azərbaycanın ardıcıl, prinsipial siyasi xətti, təzyiqləri onu buna məcbur edib.