Bu gündən İtaliyada bütün işçilərdən vaksin sertifikatı tələb olunur
Roma, 15 oktyabr, AZƏRTAC
İtaliyada “Yaşıl keçid kartı”nı (“Green pass” və ya vaksin sertifikatı) həm dövlət, həm də özəl sektor üçün məcburi edən qanun oktyabrın 15-dən qüvvəyə minib.
AZƏRTAC xəbər verir ki, vaksin sertifikatının bütün işçilərdən tələb olunmasını tətbiq edən ilk Avropa ölkəsi olan İtaliya bu addımı atmaqla COVID-19-a yoluxmaların artımının qarşısını almağı və peyvənd olunanların say nisbətini artırmağı hədəfləyir.
Bu gündən bütün işçilərdən COVID-19 əleyhinə peyvənd edildiklərini, infeksiyadan sağaldıqlarını və ya virusla bağlı testin nəticəsi mənfi olan sənəd tələb olunur. Yeni qaydalar yalnız təqaüdçülərə və işsiz vətəndaşlara şamil edilmir.
Peyvənd sertifikatını təqdim etməyən işçilər beş gün ərzində işdən ödənişsiz olaraq uzaqlaşdırılacaq, lakin işdən çıxarılmayacaqlar. Peyvənd olunmayanlar, həmçinin 1500 avroya qədər cərimələnə bilərlər.
Yeni qaydalar təxminən 23 milyon işçini əhatə edir və ilin sonuna qədər qüvvədə olacaq.
Qeyd edək ki, “Green pass” İtaliyada nəqliyyat və təhsil sahələrini, eləcə də muzeylər, kinoteatrlar, idman zalları, restoranlar və barlar kimi müxtəlif mədəniyyət və əyləncə məkanlarını əhatə edir. “Green pass” insanların peyvənd edildiyini, COVID-19-a qarşı testin nəticəsinin mənfi olduğunu və ya virusdan sağaldığını göstərir və 12 yaşdan kiçik uşaqlara şamil edilmir. Qaydalara əməl etməyən məkanların və müştərilərin 400-1000 avro arasında cərimə olunacağı, qaydaları təkrar pozan iş yerlərinin 10 günədək bağlanma riski ilə üzləşəcəyi bildirilir.
Xatırladaq ki, Baş nazir Mario Draqi və səhiyyə naziri Roberto Speranzanın təklifi ilə İtaliyada xüsusi karantin rejiminin müddəti 2021-ci il dekabrın 31-dək uzadılıb.