BU GÜNLƏR PAYTAXTIN BÜTÜN YOLLARI FƏXRİ XİYABANDA BİRLƏŞİR
Bakı şəhər sakini, evdar qadın MEHRİBAN İBRAHİMOVA AZƏRTAC-ın müxbirinə demişdir: “Sanki bu günlər paytaxtın bütün yolları burada, Fəxri xiyabanda birləşir. Hər bir Azərbaycan vətəndaşı ümumxalq ziyarətgahına çevrilmiş bu ünvana gəlməyi özünə borc bilir. Bu da təbiidir, axı, möhtərəm Prezidentimiz ömrü boyu Vətənimizi ləyaqətlə təmsil edib, onu tanıdıb, şöhrətləndirib. Xüsusilə son illər “Azərbaycan” və “Heydər Əliyev” məfhumları o qədər qoşa işlənmişdir ki, artıq onlar, necə deyərlər, bir-birini əvəz edir. Xeyli vaxtdır bu nadir şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Bakımızın böyüməsi, gözəlləşməsi, Avropanın ən baxımlı şəhərlərindən birinə çevrilməsi dahi rəhbərimizin adı ilə bağlıdır. Mübaliğəsiz demək mümkündür: Bakı onun qayğısı ilə Bakı olub. Ona görə də istəyərdim ki, Azərbaycanın şöhrətli oğlunun monumental heykəli Bakının ən hündür yeri olan Şəhidlər xiyabanında qoyulsun. Axı, o, Azərbaycanın ən böyük şəhid oğludur. Həm də buradan Bakıya baxmağı çox xoşlayırdı. Onun adının rayon mərkəzlərindən birinə verilməsi və sair təkliflər səslənib. Əlbəttə, bu məqsədlə yaradılmış Dövlət Komissiyası daxil olan təklifləri saf-çürük edəcək və əbədi Prezidentimizin adını onun özünə layiq əbədiləşdirəcəkdir. Əminəm ki, Azərbaycan durduqca Heydər Əliyevin adı yaşayacaqdır. Qardaş Türkiyədə Atatürkün adı yaşadığı kimi! Allah rəhmət eləsin”.