Bu günün məktəblilərini hansı peşələr gözləyir?
Bakı, 10 sentyabr, AZƏRTAC
“Böyüyəndə nə olmaq istəyirsən?” Bu sual uşaqlara illər boyu verilir. Həkim, müəllim, polis, mühəndis, pilot, hüquqşünas... Uşaqların cavabları zamanla dəyişsə də, bir həqiqət dəyişmir: hər nəsil öz dövrünün peşələrini seçir. Bəs bu gün məktəb partasında əyləşən uşaqları gələcəkdə hansı peşələr gözləyir?
Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin Məktəbəqədər və ibtidai təhsil üzrə koordinatoru Ləman Babayeva AZƏRTAC-a açıqlamasında bu suala cavabın əvvəlki dövrlərlə müqayisədə daha çətin olduğunu bildirib. Onun sözlərinə görə, gələcəyin bəzi peşələri hələ tam formalaşmayıb. Texnologiyanın, süni intellektin, robototexnikanın, biotexnologiyanın və yaşıl iqtisadiyyatın inkişafı əmək bazarını sürətlə dəyişir. Dünya İqtisadi Forumunun 2025-ci il hesabatına görə, 2030-cu ilə qədər qlobal əmək bazarında 170 milyon yeni iş yerinin yaranması, 92 milyon iş yerinin isə sıradan çıxması gözlənilir. Bu, uşaqlarımızın gələcəkdə tamamilə fərqli peşə dünyası ilə qarşılaşacağını göstərir.
Müsahibimiz bildirib ki, son illərdə ən çox müzakirə olunan məsələlərdən biri süni intellektin gələcəkdə insan əməyini əvəz edib-etməyəcəyidir. Onun sözlərinə görə, süni intellekt bəzi işlərin müəyyən hissəsini avtomatlaşdıra bilər, lakin gələcəyin əmək bazarı yalnız “insanın yerinə maşın” modelindən ibarət olmayacaq. Əksinə, insan və texnologiyanın əməkdaşlığı daha çox əhəmiyyət qazanacaq.
“Bu baxımdan gələcəkdə süni intellekt və maşın öyrənməsi, böyük verilənlər üzrə mütəxəssislərə, proqram təminatı və tətbiq tərtibatçılarıına, kibertəhlükəsizlik mütəxəssislərinə tələbatın artacağı gözlənilir. Lakin gələcəyin uğurlu mütəxəssisi yalnız texnologiyanı bilən insan olmayacaq”, - deyə o vurğulayıb.
L.Babayeva diqqətə çatdırıb ki, texnologiya nə qədər inkişaf etsə də, yaradıcılıq, empatiya, ünsiyyət, liderlik, əməkdaşlıq və düzgün qərarvermə kimi bacarıqlar öz əhəmiyyətini qoruyacaq. Dünya İqtisadi Forumunun məlumatlarında analitik düşüncə əsas bacarıqlardan biri kimi göstərilir. Eyni zamanda, yaradıcı düşüncə, çeviklik, dayanıqlılıq, liderlik və ömür boyu öyrənmə bacarıqlarının əhəmiyyətinin artacağı qeyd olunur.
“Deməli, gələcəyin məktəbi uşağa yalnız “nə bilmək lazımdır?” sualının cavabını verməməlidir. Uşağa həm də “öyrənməyi necə öyrənmək olar?” sualının cavabını verməlidir. Məktəblilərə hazır bilikləri əzbərlətmək kifayət deyil. Onlara araşdırmaq, sual vermək, problem həll etmək, komanda ilə işləmək, fikirlərini ifadə etmək və yeni vəziyyətlərə uyğunlaşmaq öyrədilməlidir”, - deyə L.Babayeva əlavə edib.
O bildirib ki, gələcəyin peşələri yalnız kompüter və süni intellektlə məhdudlaşmayacaq. İqlim dəyişiklikləri və enerji ehtiyacları da yeni istiqamətlərin inkişafını sürətləndirir. Bərpaolunan enerji və ekoloji mühəndislər, davamlı inkişaf və ətraf mühit üzrə mütəxəssislər, elektrik və avtonom nəqliyyat vasitələri üzrə mütəxəssislər perspektivli peşələr sırasında yer alır.
“Bu gün məktəbli olan uşağın gələcəkdə hansı peşəni seçəcəyini dəqiq müəyyənləşdirmək çətindir. Lakin onun hansı bacarıqlara ehtiyac duyacağını müəyyən qədər bilmək mümkündür. Rəqəmsal savadlılıq, analitik düşüncə, yaradıcılıq, ünsiyyət, xarici dillər, texnologiyadan düzgün istifadə, komanda işi və davamlı öyrənmə gələcəyin əmək bazarında uşaqlara mühüm üstünlüklər verə bilər”, - deyə L.Babayeva qeyd edib.
Onun sözlərinə görə, texnologiyanın inkişafına baxmayaraq, cəmiyyətin insana ehtiyacı azalmayacaq. Həkimlər, tibb bacıları, müəllimlər, psixoloqlar, sosial işçilər və digər qayğı sahəsi mütəxəssislərinə tələbatın artması gözlənilir. Bu da göstərir ki, texnologiya inkişaf etdikcə insan münasibətlərinin və insani bacarıqların əhəmiyyəti də qorunacaq. Uşaqlara verilən sualı da dəyişmək lazımdır. “Böyüyəndə nə olmaq istəyirsən?” sualı uşağı konkret bir peşə adı düşünməyə yönəldir. Halbuki “Nə yaratmaq istəyirsən?”, “İnsanlara necə kömək etmək istəyirsən?”, “Dünyada nəyi dəyişmək istəyərdin?” kimi suallar onun düşüncə üfüqünü genişləndirə bilər.
“Gələcəyin əmək bazarı bizdən dəyişməyə hazır olmağı tələb edir. Uşağın erkən yaşda yalnız bir peşə seçməsi deyil, müxtəlif sahələri tanıması, öz maraq və bacarıqlarını kəşf etməsi, yeni biliklər əldə etməyə hazır olması daha vacibdir. Çünki gələcəkdə bir insanın yalnız bir peşəsi olmaya bilər. O, həyatının müxtəlif mərhələlərində yeni biliklər əldə edib başqa sahəyə keçə, yeni peşələr öyrənə və hətta özü yeni bir peşənin yaranmasına səbəb ola bilər. Bu gün məktəb partasında oturan uşaqlar yalnız gələcəyin həkimləri, müəllimləri və mühəndisləri deyil. Onlar gələcəyin yaradıcılarıdır”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Müxbir - Xatirə Cəfərova