Bu il nəqliyyat sektorunda yük daşımaları 4,1 faiz artıb
Bakı,15 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,1 faiz və 8,4 faiz artıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 35,2 milyon ton yük daşınıb. Yüklərin 3,6 faizi dəniz, 8,5 faizi dəmir yolu, 0,2 faizi hava, 54,7 faizi avtomobil nəqliyyatı, 33,0 faizi isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,3 faiz artıb. Daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 75,6 faiz təşkil edib.
Bundan başqa, 2024-cü ilin yanvar-fevral aylarında nəqliyyatçılar 294,4 milyon sərnişinə xidmət göstəriblər.
Sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 11,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Dəmir yolu nəqliyyatı ilə bu ilin yanvar-fevral aylarında 3,0 milyon ton yük, 1261,5 min sərnişin daşınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 2,7 faiz, sərnişin daşınmasında isə 30,8 faiz artım müşahidə olunub.
Qeyd edək ki, orta hesabla sutkada 363 vaqon yüklənib, 415 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,5 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.
Dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-fevral aylarında daşınıb yüklərin həcmi 1273,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,9 faiz artıb. Yüklərin 50,5 faizini neft yükləri təşkil edib.
Dəniz limanları tərəfindən 2072,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 1658,9 min tonunu və ya 80,0 faizini tranzit yüklər təşkil edib. 2024-cü il mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 136,4 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 42,9 faiz artaraq 4,0 min nəfər olub. Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 19,3 milyon ton yük, 257,5 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,9 faiz və 8,8 faiz artım qeydə alınmışdır. Sərnişinlərin 95,4 faizi avtobus, 4,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 9,1 faiz, sərnişin dövriyyəsi isə 9,4 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 4,0 faiz artaraq 35,1 milyon nəfər olub.
Hava nəqliyyatı ilə 493,7 min və ya 48,4 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 22,5 faiz artaraq 63,1 min ton olub.