BU İL ÖLKƏDƏ İSTİFADƏSİZ ƏKİN SAHƏSİ QALMAMAMIŞDIR
Bakı, 20 sentyabr (AZƏRTAC). Aqrar islahatlar nəticəsində bu il ölkədə istifadəsiz əkin sahəsi qalmamışdır. Dövlət tərəfindən fermerlərə subsidiyaların ayrılması, gübrənin, yanacağın, toxumların güzəştli şərtlərlə verilməsi sayəsində əkin sahələri xeyli genişləndirilmişdir.
Kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsinə dair Dövlət Proqramında torpaqların münbitliyinin artırılması, bərpası və mühafizəsi ilə əlaqədar bir sıra vacib məsələlər öz əksini tapmışdır. Bu istiqamətdə artıq müəyyən işlər görülmüşdür. Dövlət Proqramına əsasən, əkin sahələrinin tam uçotunun aparılması üçün faktiki əkilən və istifadə olunan əkin sahələri barədə məlumatlar təhlil edilmiş, aşkar olunan bu və ya digər çatışmazlıqlarla əlaqədar müvafiq tədbirlər həyata keçirilmişdir. Nəticədə 2009-cu ildə respublikada istifadəsiz əkin sahəsi qalmamışdır. Eroziyaya uğramış, şorlaşmış, şorakətləşmiş, habelə digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqların müəyyən edilmiş və xəritələşdirilmişdir. Onlardan səmərəli istifadə olunmasına dair təkliflər hazirlanır. Bu işlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dövlət Yerquruluşu Layihə İnstitutunun müvafiq rayon şöbələri ilə birgə həyata keçirilir.
Xatırladaq ki, bu il 418 mindən çox kənd təsərrüfatı istehsalçısına dövlət yardımları verilməsi sayəsində 1 milyon 493 min hektar sahə əkilmişdir.