CƏMİYYƏT
Bu il vəkil qurumlarında 304 tələbə təcrübə keçib

Bakı, 25 sentyabr, AZƏRTAC
Vəkillər Kollegiyası ilə ölkədə hüquq fakültəsi olan universitetlər arasında imzalanmış əməkdaşlıq memorandumlarına əsasən gənclərin və universitetlərin fəaliyyətinə müxtəlif formalarda göstərilən dəstək çərçivəsində həmin tələbələrin vəkil qurumlarında təcrübə keçməsi üçün hər cür şərait yaradılır. Həm istehsalat təcrübəsi, həm də könüllü qaydada birbaşa Kollegiyaya müraciət edən tələbələr formallıqdan tam uzaq, yeni model təcrübə proqramları vasitəsilə təcrübi biliklərini artırırlar.
Kollegiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, cari il ərzində müvafiq vəkil bürolarında 198 tələbə istehsalat təcrübəsində, 104 nəfər isə könüllü qaydada təcrübə keçib. Ümumilikdə isə, son 2 il ərzində müxtəlif vaxtlarda memorandumların bağlanmasından bu günədək 314 tələbə istehsalat formasında, 152 nəfər isə könüllü qaydada təcrübə keçib.
Beləliklə, qurulmuş səmərəli əməkdaşlığa tələbələr tərəfindən böyük maraq göstərilib, təcrübəni yekunlaşdıranlara xasiyyətnamələr təqdim edilib. Onların bir çoxu isə öz arzusu ilə təcrübəni davam etdirib, sonra isə bir sıra müvafiq yerlərdə işlə təmin olunub.
Vəkillər Kollegiyası gənclərin gələcəkdə ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etməsi, fəal vətəndaş kimi yetişməsi, yüksək təhsil və innovativ bacarıqları ilə hüquqi dövlət quruculuq işinin genişləndirilməsi, təcrübi biliklərin və vəkilliyə marağın artırılması məqsədilə tələbələrə hər zaman dəstək göstərir və bu işlər davamlı olaraq da həyata keçiriləcək.