Bu ilin yaz əkin mövsümündə Qaxda 8 hektarda aqromeşə salınıb
Qax, 21 mart, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin martında Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin Qax Meşəbəyliyi tərəfindən rayon ərazisində dövlət meşə fonduna aid 8 hektar sahədə yeni meşəlik və aqrobağlar salınıb. Yeni salınan meşə sahələrinin 1 hektarına göyrüc, 7 hektarına isə fındıq tingləri əkilib.
Meşəbəylikdən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, son illər meşə əkini işləri zamanı kənd təsərrüfatı əhəmiyyətli kol və ağac tinglərinin əkininə, aqromeşələrin, bağların salınmasına üstünlük verilir. Əkin zamanı əsasən fındıq, qoz, şabalıd, tut və digər ağac tinglərindən istifadə olunur.
Qeyd edək ki, 2019-cu ildə Qax rayonu ərazisində 20 hektar sahədə meşə əkini aparılıb. Yeni salınan meşələrin 15,5 hektarına fındıq, 4,5 hektarına isə göyrüc tingləri əkilib.