Budapeştdə Ermənistanın törətdiyi ekoloji terrora diqqət çəkildi
Budapeşt, 11 sentyabr, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeştdə yerləşən Azərbaycan Evində “Sərsəng su anbarı: Humanitar fəlakətin bir addımlığında” mövzusunda fotosərgi və tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov layihə barədə məlumat verdi, Sərsəng su anbarının tikilməsi, region üçün əhəmiyyəti və son vəziyyəti ilə bağlı əhəmiyyətli məsələlərə toxundu. Şahin Camalov Ermənistanın və havadarlarının bütün beynəlxalq hüquq norma və prinsiplərinə, həmçinin insani dəyərlərə məhəl qoymayaraq sudan təzyiq və təsir vasitəsi kimi istifadə etməyə davam etməsindən, region əhalisini sudan məhrum edərək həm regionun iqtisadi inkişafına, həm də ekologiyasına vurduğu zərərdən danışdı. Tədbirdə, həmçinin Sərsəng su anbarının son durumuna dair iştirakçılara məlumat verildi. Anbarda baş verə biləcək hər-hansı qəzanın humanitar fəlakətə dönüşə biləcəyindən danışıldı. O da qeyd olunmuşdur ki, Sərsəng su anbarının işğalda saxlanması regionun 100 min hektardan çox kənd təsərrüfatı təyinatlı torpaqlarına, 700 mindən artıq insanın gündəlik həyatına və onların gündəlik yaşam keyfiyyətinə mənfi təsir edir.
Tədbir iştirakçıları sonda BMT-nin ixtisaslaşmış təşkilatlarını, Avropa Şurası Parlament Assambleyasını, Avropa İttifaqını, Human Rights Vatch təşkilatını Sərsəsng ətrafında baş verən hadisələrə münasibət bildirməyə, Avropa Şurası Parlament Assambleyasının “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı 2085 (2016) nömrəli Qətnaməsini əldə rəhbər tutaraq Ermənistana və havadarlarına təzyiq etmək və onların ekoloji terrora son qoymaları üçün çağırış etməyə dəvət etdi, bununla bağlı Bəyanat imzaladılar.
Türkiyə, Qazaxıstan, Tatarıstan, Azərbaycan diasporunun nümayəndələri ilə yanaşı yerli icma nümayəndələri də iştirak etdiyi tədbirdə Azərbaycan diasporunun nümayəndəsi Kamil Şükürovun ifasında milli musiqilər ifa olundu.
Tədbir Azərbaycan Diasporuna Dəstək Fondu və Macarıstandakı Azərbaycan Evinin təşkilati dəstəyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnsan Hüquqları XXI əsr-Azərbaycan Fondu tərəfindən həyata keçirildi.
Vüqar Seyidov
Budapeşt
AZƏRTAC-ın xüsusi müxbiri