Bundesliqa: “Bavariya” səfərdə “Borussiya Dortmund” üzərində çətin qələbə qazanıb
Berlin, 28 fevral, AZƏRTAC
Bundesliqanın 24-cü turunun mərkəzi qarşılaşmasında “Borussiya Dortmund” öz meydanında lider “Bavariya”nı qəbul edib.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada hesabı matçın 26-cı dəqiqəsində “Borussiya Dortmund” açıb. Komandanın heyətində müdafiəçi Niko Şlotterbek fərqlənib. İlk hissə bu hesabla başa çatıb.
Fasilədən sonra “Bavariya” 54-cü və 70-ci dəqiqələrdə Harri Keynin dublu sayəsində hesabda irəli çıxıb. Lakin görüşün 83-cü dəqiqəsində ev sahiblərinin danimarkalı müdafiəçisi Daniel Svensson hesabda tarazlığı yenidən bərpa edib – 2:2. Lakin bu qoldan dörd dəqiqə sonra yarımmüdafiəçi Coşua Kimmix “Bavariya”nın qələbə qolunu vurub – 3:2. Görüş bu hesabla da başa çatıb.
Bu qarşılaşmadan sonra komandalar arasında xal fərqi 11-ə yüksəlib. Xallarını 63-ə çatdıran “Bavariya” liderliyini daha da möhkəmləndirib. “Borussiya Dortmund” isə 59 xalla ikinci pillədə qərarlaşıb.
Günün digər görüşləri aşağıdakı nəticələrlə başa çatıb:
“Bayer Leverkuzen” – “Maynts” – 2:0
“Verder Bremen” – “Haydenhaym” – 2:0
“Borussiya Mönxenqladbax” – “Union Berlin” – 1:0.
“Hoffenhaym” – “St Pauli” – 0:1
Bundesliqanın 24-cü turuna bazar günü keçiriləcək “Ştutqart” – “Volfsburq”, “Ayntraxt Frankfurt” – “Frayburq” və “Hamburq” – “Leyptsiq” görüşləri ilə yekun vurulacaq.
Turun açılış matçında “Auqsburq” öz meydanında “Köln”ün qapısından iki cavabsız top keçirib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin