BÜTÜN GÜRCÜ XALQI HEYDƏR ƏLİYEVƏ MİNNƏTDARDIR VƏ ONUN XATİRƏSİNİ HƏMİŞƏ ƏZİZ TUTUR
Azərbaycanın dost, qonşu Gürcüstan ilə siyasi, iqtisadi, mədəni əlaqələrə böyük əhəmiyyət verdiyini, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi-Ərzurum iri neft və qaz layihələrinin bölgə üçün böyük perspektivlər açdığını bildirən Milli Məclisin sədri demişdir ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dostluq, qardaşlıq əlaqələri inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir.
Parlamentin sədri vurğulamışdır ki, regiondakı bəzi münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ölkələrimizin inkişafına ciddi maneələr yaradır. Azərbaycan bu münaqişələrin sülh yolu ilə, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
Parlamentlərarası əlaqələrin inkişafına toxunan Murtuz Ələsgərov Gürcüstanın qanunverici orqanının rəhbərliyi, deputatları ilə keçirilən görüşlərin, qarşılıqlı səfərlərin mövcud əməkdaşlığın daha da genişlənməsinə xidmət etdiyini xüsusi vurğulamışdır.
Nümayəndə heyətinin başçısı, Gürcüstan parlamentindəki “Majoaritarı” fraksiyasının sədri Cuqeli Beso demişdir ki, bu səfərin əsas məqsədlərindən biri ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi xidməti olmuş Heydər Əliyevin 81 illik yubileyində iştirak etməkdir. Heydər Əliyev təkcə Azərbaycanda deyil, Gürcüstanda da çox sevilir. Məhz bu tarixi şəxsiyyət bir sıra regional layihələrdə Gürcüstanın da iştirakını təmin etməklə bizim iqtisadiyyatımızın inkişafına böyük töhfələr vermişdir. Bütün gürcü xalqı Heydər Əliyevə minnətdardır və onun xatirəsini həmişə əziz tutur.
Heydər Əliyev siyasi kursunun bu gün də uğurla davam etdirildiyini bildirən, regiondakı münaqişələrə, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunan Cuqeli Beso demişdir ki, Gürcüstan bu münaqişələrin dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır. O, Azərbaycan hökumətinin qısa vaxt ərzində böyük iqtisadi dirçəlişə nail olduğunu və inkişaf səviyyəsinə görə qonşu ölkələrdən ciddi surətdə fərqləndiyini vurğulamış, regionda sülhün və əmin–amanlığın qorunması, münaqişələrin ədalətli həlli, habelə ölkələrimizin gələcək inkişafı naminə bundan sonra da sıx işbirliyi şəraitində çalışacağına, əməkdaşlığın yeni layihələr üzərində davam etdiriləcəyinə əminliyini bildirmişdir.
Səmimilik şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.