Cakartada ASEAN PA Baş Assambleyasının 44-cü iclası keçiriləcək

Bakı, 3 avqust, AZƏRTAC
Milli Məclisin müşahidəçi qismində təmsil olunduğu Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) Parlamentlərarası Assambleyası (PA) Baş Assambleyasının 44-cü iclası avqustun 4-də öz işinə başlayacaq. Tədbir İndoneziya Respublikasının Cakarta şəhərində keçiriləcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanı bu mötəbər tədbirdə Milli Məclisin deputatı Ramin Məmmədov təmsil edəcək.
Deputat iclas çərçivəsində “Parlament əməkdaşlığı: Sülh, sabitlik və tərəqqi naminə ortaq öhdəliklər” mövzusunda keçiriləcək müşahidəçi ölkələrlə dialoq panelinə qatılacaq. R.Məmmədov, həmçinin Milli Məclisin üzv ölkə parlamentləri ilə əməkdaşlıq və gələcək perspektivlər barədə müzakirələrdə iştirak edəcək.
İclas öz işini avqustun 11-də başa çatdıracaq.