“CASPİAN AGRO-2009” BEYNƏLXALQ SƏRGİ VƏ KONFRANSI İLƏ BAĞLI BRİFİNQ KEÇİRİLMİŞDİR
Bakı, 2 oktyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, oktyabrın 6-9-da Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin rəsmi dəstəyi, Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə “Caspian Agro-2009” kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və qablaşdırılması” adlı beynəlxalq sərgi və konfrans keçiriləcəkdir.
Tədbirin təşkili ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə oktyabrın 2-də kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin, Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədovun iştirakı ilə mətbuat konfransı keçirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyində təşkil olunan mətbuat konfransında İlham Quliyev demişdir ki, belə bir beynəlxalq tədbirin keçirilməsinin başlıca məqsədi ölkəmizdə istehsal olunan kənd təsərrüfatı və emal sənayesi məhsullarının nümayişi ilə yanaşı, bu sahələrin daha da inkişafı üçün xarici şirkət və sərmayədarların diqqətini cəlb etmək, Azərbaycanda son illər baş verən sürətli inkişaf və tərəqqinin təbliği ilə bərabər aqrar elmin qabaqcıl nailiyyətlərini və təcrübəsini öyrənməkdir. Ərzaq bolluğunun yaradılması və əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi dünya ölkələri, o cümlədən Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Xarici İşlər Nazirliyi vasitəsilə 45 ölkənin kənd təsərrüfatı qurumlarına dəvət məktubu göndərilmişdir. Almaniya, Belarus, Suriya, İsrail, Litva, Latviya və ölkəmizi təmsil edən 80-dən artıq şirkət sərgidə iştirakını təsdiqləmişdir.
İtaliya, Ukrayna, Belarus, Litvadan aqrar sahəyə cavabdeh nazirlərin, İordaniyadan nazir müavininin, Qətər və Koreyadan idarə rəislərinin başçılıq etdiyi nümayəndə heyətlərinin sərgidə iştirak edəcəyini söyləyən Mehman Əhmədov Rusiya və Almaniyanın hər birindən 25 iş adamının gələcəyini bildirmişdir.
Sərgi günlərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) “Aqrar sənaye kompleksi: əməkdaşlıq imkanlarının inkişaf perspektivləri” mövzusunda təqdimatı olacaqdır. “Azərbaycan kənd təsərrüfatı sektoruna investisiya qoyuluşu imkanları” mövzusunda və Sahibkarlığa Kömək Milli Fondu haqqında da təqdimatlar nəzərdə tutulmuşdur. Bunlarla yanaşı, beynəlxalq tədbir çərçivəsində “dəyirmi masa”nın və biznes forumun keçirilməsi planlaşdırılır.
Sonra jurnalistlərin sualları cavablandırılmışdır.